Prezident İlham Əliyevin bu gün Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər Ekoloji Sammitindəki çıxışı Xəzər dənizinin gələcəyi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin növbəti dəfə beynəlxalq səviyyədə ifadəsi kimi qiymətləndirilməlidir. Dövlət başçısı Xəzərin dayazlaşmasının sürətləndiyini, dənizin səth sahəsinin 20 min kvadrat kilometrdən çox azaldığını və Azərbaycanın Xəzər sektorunda təxminən 30 min hektar quru sahənin yarandığını diqqətə çatdırıb. Bu rəqəmlər problemin artıq nəzəri müzakirə mövzusu olmadığını, real və ölçülə bilən nəticələr doğurduğunu göstərir.
Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Xəzərin səviyyəsinin azalmasının yalnız ekoloji məsələ kimi təqdim edilməməsidir. Dövlət başçısının vurğuladığı kimi, bu proses sahilyanı əhalinin həyatına, iqtisadiyyata, nəqliyyata və liman infrastrukturuna birbaşa təsir edir. Azərbaycan üçün Xəzərin dayazlaşması həm də strateji nəqliyyat imkanlarının, Şərq-Qərb istiqamətində yükdaşımaların və ölkəmizin regional logistika mərkəzi kimi mövqeyinin qorunması məsələsidir.
Bu kontekstdə problemin səbəblərinin hərtərəfli araşdırılması xüsusi əhəmiyyət daşıyır. Xəzərin su balansına iqlim dəyişmələri, buxarlanma, yağıntılar və çay axınları təsir göstərir. Lakin çay sularının idarə olunması və insan fəaliyyətinin təbii axınlara təsiri də diqqətdən kənarda qalmamalıdır. Xəzərə daxil olan çay sularının böyük hissəsinin Volqa çayının payına düşməsi bu hövzədə baş verən dəyişiklikləri xüsusi əhəmiyyətli edir. Volqanın axınında yaranan azalma Xəzərin su balansına təsir göstərə bilən mühüm amillərdəndir.
Volqa üzərində inşa edilmiş su anbarları, hidrotexniki qurğular, suvarma və digər təsərrüfat ehtiyacları üçün su götürülməsi məsələsi bu səbəbdən ciddi elmi və siyasi diqqət tələb edir. Burada əsas məsələ hər hansı ölkəni əvvəlcədən günahlandırmaq deyil, suyun mənbədən Xəzərə qədər hərəkətinə təsir göstərən bütün amilləri şəffaf şəkildə araşdırmaqdır. Rusiya ərazisində yerləşən Volqa hövzəsində su ehtiyatlarının necə idarə olunduğu, su anbarlarının rejiminin mövsümi axınlara təsiri və Xəzərə çatan suyun həcminin zamanla necə dəyişdiyi barədə müqayisəli məlumatlar əldə edilməlidir.
Azərbaycanın milli maraqları baxımından bu məsələnin açıq müzakirəsi tamamilə legitimdir. Xəzərin səviyyəsinin azalmasının nəticələrini bütün sahilyanı dövlətlər yaşayırsa, su balansına təsir edən amillər barədə məlumatlar da hamı üçün əlçatan olmalıdır. Xəzərin gələcəyi ilə bağlı qərarlar yalnız ümumi ekoloji bəyanatlarla məhdudlaşmamalı, çay hövzələrinin idarə olunması, su anbarlarının fəaliyyəti və dənizə daxil olan suyun həcmi barədə konkret elmi nəticələrə əsaslanmalıdır.
Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi narahatlıq məhz bu baxımdan siyasi əhəmiyyət daşıyır. Azərbaycan problemin miqyasını rəqəmlərlə göstərir və onun nəticələrinin iqtisadiyyat, nəqliyyat və sahilyanı ərazilər üçün yaratdığı təhlükələri diqqətə çatdırır. Azərbaycanın Xəzər sektorunda 30 min hektara yaxın yeni quru sahənin yaranması sahil xəttinin dəyişməsinin konkret göstəricisidir. Bu dəyişiklik limanların fəaliyyətindən tutmuş sahilyanı ekosistemlərə qədər müxtəlif sahələrdə uzunmüddətli planlaşdırmanı zəruri edir.
Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Xəzər üzərindən həyata keçirilən yükdaşımaların gələcəyi məsələyə strateji yanaşma tələb edir. Dənizin dayazlaşması gəmiçilik marşrutlarına, gəmilərin yüklənmə imkanlarına, limanlara giriş-çıxış şəraitinə və əlavə infrastruktur xərclərinə təsir göstərə bilər. Xəzərin səviyyəsinin azalması davam edərsə, Azərbaycan həm nəqliyyat sisteminin uyğunlaşdırılmasına, həm də ekoloji və iqtisadi risklərin azaldılmasına daha çox vəsait ayırmalı olacaq. Bu isə problemin yalnız təbiətin mühafizəsi qurumlarının deyil, dövlətin iqtisadi və strateji planlaşdırma institutlarının da gündəliyində olmasını tələb edir.
Digər mühüm istiqamət Xəzərin unikal ekosisteminin qorunmasıdır. Dənizin səviyyəsinin azalması sahilyanı bataqlıqların və dayaz su ərazilərinin dəyişməsinə, balıqların yaşayış və çoxalma mühitinin pozulmasına, biomüxtəlifliyin zəifləməsinə səbəb ola bilər. Bu proses Xəzərin təbii sərvətlərindən asılı olan əhali qruplarının güzəranına da təsirsiz ötüşməyəcək. Deməli, su səviyyəsinin azalması ekoloji, sosial və iqtisadi nəticələri bir-biri ilə bağlı olan kompleks böhrandır.
Azərbaycanın mövqeyi belə bir şəraitdə konkret regional mexanizmlərin yaradılmasını tələb edir. Xəzəryanı dövlətlər arasında daimi elmi monitorinq sistemi qurulmalı, su balansına dair məlumatlar müntəzəm paylaşılmalı və ortaq tədqiqat proqramları həyata keçirilməlidir. Volqa çayı da daxil olmaqla, Xəzərə tökülən əsas çayların axını, su götürülməsi və su anbarlarının iş rejimi üzrə müqayisəli qiymətləndirmələr aparılmalıdır. Nəticələr əsasında dövlətlərin razılaşdırdığı fəaliyyət planı hazırlanmalı, öhdəliklərin icrası üçün aydın mexanizmlər müəyyən edilməlidir.
Prezident İlham Əliyevin Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması çağırışı da bu yanaşmanın siyasi əsasını təşkil edir. Xəzəryanı dövlətlərin əməkdaşlığı yalnız nəqliyyat və enerji layihələri ilə məhdudlaşmamalıdır. Dənizin ekoloji vəziyyətinin pisləşməsi bütün tərəflərin uzunmüddətli maraqlarına toxunursa, onun qorunması da regional əməkdaşlığın prioritet istiqamətinə çevrilməlidir.
Nəticə etibarilə, Türkmənbaşı sammitində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın Xəzərin taleyinə biganə qalmadığını və problemin həlli üçün beynəlxalq əməkdaşlığı vacib saydığını göstərir. Azərbaycanın tələbi aydındır: Xəzərin dayazlaşmasının səbəbləri elmi əsaslarla müəyyənləşdirilməli, çay axınlarına və su ehtiyatlarına təsir göstərən insan fəaliyyəti şəffaf şəkildə araşdırılmalı, bütün sahilyanı dövlətlərin məsuliyyəti konkret tədbirlərlə ifadə olunmalıdır.
Xəzərin qorunması Azərbaycan üçün sadəcə ekoloji seçim deyil. Bu, milli iqtisadi maraqların, nəqliyyat təhlükəsizliyinin, sahilyanı əhalinin rifahının və gələcək nəsillərin təbii sərvətlərinin müdafiəsidir. Xəzərin səviyyəsi aşağı düşdükcə, vaxtında və əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti daha da artır. Azərbaycan bu məsələnin beynəlxalq gündəlikdə saxlanılmasında, elmi əsaslandırılmış həll yollarının hazırlanmasında və regional məsuliyyət prinsipinin möhkəmləndirilməsində fəal mövqeyini davam etdirməlidir.
