Bakı. Trend:
Bakının Nəsimi rayonunda, 28 May küçəsindən “The Ritz-Carlton Baku” hotelinə qədər olan ərazidə mövcud tikililərin, asfalt örtüyünün və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin ərazidə 12 hektarlıq yeni istirahət parkının salınması şəhərin bu hissəsinin simasını ciddi şəkildə dəyişəcək:
“Çünki burada söhbət sadəcə yeni parkın salınmasından getmir. Layihə çərçivəsində ərazidə mövcud tikililərin, asfalt örtüyünün və dəmir yolunun sökülməsi nəzərdə tutulur. Nəticədə şəhərin mərkəzində kifayət qədər böyük ərazi yeni funksional təyinat alaraq yaşıllıq və ictimai istirahət məkanına çevriləcək”.
Vüqar Oruc bildirib ki, belə layihələr ətraf ərazilərdə daşınmaz əmlakın bazar dəyərinə birbaşa təsir göstərir:
“Yaşıllıq, park, piyada əlçatanlığı, nəqliyyat infrastrukturu və ictimai məkanların genişlənməsi həmin ərazinin yaşayış keyfiyyətini və investisiya cəlbediciliyini artırır. Hesab edirəm ki, layihənin təsiri, ilk növbədə, 28 May, Dilarə Əliyeva, Rəsul Rza, Rəşid Behbudov, Bülbül, Xaqani, Səməd Vurğun, Üzeyir Hacıbəyli və Yusif Səfərov küçələri ətrafında daha çox hiss olunacaq. Xüsusilə yeni parkla birbaşa təmasda olan və ona piyada məsafəsində yerləşən mənzillər, kommersiya obyektləri və torpaq sahələri üçün əlavə dəyər formalaşacaq”.
AQC sədri qeyd edib ki, burada ən mühüm məqamlardan biri torpaq bazarıdır:
“12 hektarlıq ərazinin yeni ictimai-yaşıl məkana çevrilməsi həmin lokasiyanın gələcək inkişaf potensialını artırır. Buna görə də ətraf ərazilərdə torpaq sahələrinin qiymətində mənzil bazarından daha sürətli artım müşahidə oluna bilər”.
Vüqar Oruc əlavə edib ki, mənzil bazarında qiymət artımı obyektin parkdan məsafəsinə və parkla vizual əlaqəsinə görə fərqlənəcək:
“Birbaşa parka baxan və parka yaxın mənzillərdə qiymət artımının daha yüksək, məsafə artdıqca isə təsirin daha zəif olması gözlənilir. Lakin konkret faiz göstərmək üçün layihənin yekun planı, söküntü sərhədləri və parkın faktiki konsepsiyası nəzərə alınmalıdır. Digər tərəfdən, bu layihənin ətrafında süni qiymət artımı yaratmaq da düzgün deyil. Layihənin elan olunması ilə bazarda gözlənti yaranır, tikinti işləri başladıqca bu gözlənti qiymətlərə təsir edir, park istifadəyə verildikdən sonra isə onun real bazar effekti formalaşır”.
AQC sədri hesab edir ki, 12 hektarlıq park Bakının bu hissəsində daşınmaz əmlakın qiymət xəritəsini dəyişdirə biləcək layihələrdən biridir:
“Burada əsas məsələ yalnız parkın özü deyil, parkla birlikdə ərazinin bütövlükdə yenidən qurulmasıdır. Bakı inkişaf etdikcə daşınmaz əmlak bazarında dəyər yaradan amillər də dəyişir. Yaşıl və ictimai məkanların artırılması artıq yalnız şəhərsalma məsələsi deyil, həm də əmlakın gələcək kapitallaşmasına təsir edən əsas faktorlardan biridir”.

