Bakı. Trend:
Azərbaycanda fermerlərin böyük əksəriyyətinin əkin sahəsinin orta ölçüsünün üç hektara qədər olması və torpaqların pərakəndəliyi vahid əkinin təşkilində, aqrotexniki qulluq işlərinin aparılmasında və kənd təsərrüfatı texnikasından istifadədə çətinliklər yaradır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumu çərçivəsində “Aqrar sahədə dövlət dəstəyi və maliyyə imkanlarına çıxış” adlı panel müzakirəsində deyib.
O bildirib ki, torpaq sahələrinin pərakəndəliyi fermerlərin ən çox müraciət etdiyi və ictimai müzakirəyə çıxardığı problemlərdən biridir. Sahələrin kiçik olması iri kənd təsərrüfatı texnikasının alınmasını və istifadəsini fermerlər üçün iqtisadi baxımdan səmərəsiz edir.
“Torpaq sahələrimizin həcmi kiçikdir. Fermerlər üçün böyük kənd təsərrüfatı texnikası alıb istifadə etmək rentabelli deyil. Bu da müəyyən çətinliklər yaradır”, – deyə Anar Cəfərov qeyd edib.
Mərkəz rəhbəri bu problemlərin həlli istiqamətində yeni qəbul olunmuş Dövlət Proqramında fermer təsərrüfatlarının kooperativləşdirilməsinin və bu sahəyə əlavə dəstəyin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, Salyan və Qəbələdə ilkin pilot layihələr həyata keçiriləcək.
Anar Cəfərov fermerlər üçün digər mühüm məsələnin maliyyə resurslarına əlçatanlıq olduğunu vurğulayıb. O qeyd edib ki, yeni maliyyə mexanizmləri aqrar sahəyə dövlət büdcəsi ilə yanaşı, kommersiya banklarının öz vəsaitlərinin də yönəldilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, faiz subsidiyası mexanizmi çərçivəsində fermerlərin cəlb etdikləri kreditlər üzrə 19 faizədək faiz yükünü dövlət öz üzərinə götürür. Bu dəstək fermerlərin əlavə maliyyə resurslarına çıxışını genişləndirməyə xidmət edir.
