Türkmənbaşı. Trend:
Özbəkistan Mərkəzi Asiya ölkələri və Azərbaycanın aşağı karbonlu enerji potensialına dair birgə konsepsiyanın hazırlanmasını təklif edir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələri və dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
“Regionumuz müxtəlif resurslara malikdir. Burada əhəmiyyətli karbohidrogen ehtiyatları, həmçinin hidroenergetika, günəş və külək enerjisi istehsalı üçün böyük potensial var. Məhz bu müxtəliflik ölkələrimizə bir-birini tamamlamasına imkan verir. Bundan səmərəli istifadə etmək və regionun energetikasının inkişafına kompleks yanaşmaq lazımdır. Burada “yaşıl” enerjinin rolu getdikcə artacaq. Aşağı karbonlu enerji potensialına dair birgə konsepsiyanın hazırlanmasını təklif edirəm. Bu, yeni generasiya güclərinin yaradılmasını, müasir enerji saxlanc sistemlərinin inkişafını və yeni enerji dəhlizlərinin yaradılmasını daha yaxşı əlaqələndirməyə imkan verəcək”, - deyə Mirziyoyev bildirib.
Onun sözlərinə görə, birgə həll tələb edən digər istiqamət su və iqlim məsələləridir.
“Su ehtiyatlarının qıtlığı Mərkəzi Asiyanın inkişafı üçün getdikcə daha ciddi məhdudiyyətə çevrilir. İqlim dəyişir, əhali artır, kənd təsərrüfatı və infrastrukturun üzərinə düşən yük artır. Buna görə də nə qədər suya malik olduğumuzu və ondan necə istifadə edildiyini daha dəqiq bilməliyik. Müasir rəqəmsal monitorinq sistemlərinə, suvarma şəbəkələrinin modernləşdirilməsinə və suya qənaət edən texnologiyaların geniş tətbiqinə ehtiyac var - zaman bunu artıq bu gün tələb edir. Hazırda su itkiləri regionlarımız üçün həddindən artıq baha başa gəlir. Məhz buna görə Mərkəzi Asiyada sudan səmərəli istifadə üzrə praktiki fəaliyyət onilliyinə dair ümumi təşəbbüsümüzü tam şəkildə həyata keçirmək vacibdir”, - deyə o bildirib.
Mirziyoyev qeyd edib ki, Özbəkistan gələn ildən Aralın Xilas edilməsi üzrə Beynəlxalq Fonda sədrlik edəcək.
“Bu missiyanı böyük məsuliyyət kimi qiymətləndiririk və sədrliyimiz dövründən Fondun fəaliyyətini daha səmərəli etmək, yeni ekoloji layihələrə başlamaq və əlavə maliyyə vəsaitləri cəlb etmək üçün istifadə etmək niyyətindəyik”, - deyə o bildirib.
