Bakı.Trend:
Çərşənbə günü “Uran-238” radioaktiv maddəsinin xarici vətəndaşa qanunsuz satılması cəhdinin qarşısı alınıb.
Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat xidməti məlumat yayıb.
“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat və əməliyyat şöbələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Gürcüstan vətəndaşı nüvə materialları, xüsusilə radioaktiv maddə olan uranla qanunsuz davranışa görə saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs əlində olan “Uran-238” nüvə materialını 700 min ABŞ dollarına xarici vətəndaşa satmağı planlaşdırıb”, - deyə məlumatda bildirilir.
DTX Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə araşdırma aparır. Həmin maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatda Gürcüstan vətəndaşının xarici vətəndaşa nə qədər uran satmağı planlaşdırdığı açıqlanmayıb.
