Azərbaycan və Türkiyə sənaye sahəsində əməkdaşlığı genişləndirir (FOTO)

İqtisadiyyat Press-reliz 8 Oktyabr 2026 10:30 (UTC +04:00)
Azərbaycan və Türkiyə sənaye sahəsində əməkdaşlığı genişləndirir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Türkiyənin Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə İZİA məlumat yayıb.

Memorandum Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycana səfər edən Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndə heyətinin İZİA-nın idarəçiliyində olan Sumqayıt Sənaye Parkına səfəri çərçivəsində imzalanıb.

Görüş zamanı Azərbaycan və Türkiyədə sənaye zonalarının fəaliyyəti, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, investorlar üçün yaradılan imkanlar və yeni birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Anlaşma Memorandumunu İZİA-nın İdarə Heyəti sədrinin müavini Aqil Əzizov və Adana Hacı Sabancı Organize Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü imzalayıblar.

Sənədə əsasən, sənaye müəssisələri və investorlar arasında biznes əlaqələrinin genişləndirilməsi əsas əməkdaşlıq istiqamətlərindən biri olacaq. Bununla yanaşı, sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

Memorandum çərçivəsində həmçinin birgə təşəbbüslərin həyata keçirilməsi, sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı təcrübədən istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlığın Azərbaycan və Türkiyənin sənaye zonaları arasında əlaqələrin inkişafına, müəssisələr və investorlar arasında yeni biznes imkanlarının formalaşmasına xidmət etməsi gözlənilir.

Səfər çərçivəsində Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar. Onlara parkda həyata keçirilən layihələr, istehsal müəssisələrinin fəaliyyəti və sənaye zonasında yaradılmış infrastruktur barədə məlumat verilib.

Adana Hacı Sabancı Organize Sənaye Zonasının məlumatına görə, sənaye zonası 1973-cü ildən fəaliyyət göstərir. Hazırda onun ümumi ərazisi təxminən 2 200 hektardır. Burada müxtəlif sahələrdə fəaliyyət göstərən 500-dən çox sənaye müəssisəsi yerləşir və 42 mindən çox insan çalışır.

Sənaye zonasında tekstil, maşınqayırma, kimya və qida sənayesi də daxil olmaqla müxtəlif istiqamətlər üzrə istehsal həyata keçirilir. Zonanın məlumatında bildirilir ki, müasir infrastruktur, enerji səmərəliliyi tədbirləri və ətraf mühitə yönəlmiş layihələr sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi istiqamətində əsas elementlərdəndir.

Adana Hacı Sabancı Organize Sənaye Zonasında sənaye müəssisələri ilə yanaşı, ixtisaslı kadrların hazırlanmasına və sosial xidmətlərin inkişafına yönəlmiş obyektlər də fəaliyyət göstərir. Bunlar arasında Çukurova Universitetinin sənaye zonası üzrə peşə məktəbi, texnologiya kolleci, poliklinika və 200 şagird yerlik uşaq bağçası var.

Sənaye zonasının məlumatına əsasən, burada sənaye müəssisələrinin ehtiyaclarına uyğun ixtisaslı işçi qüvvəsinin hazırlanması, məşğulluğun dəstəklənməsi, ətraf mühitin qorunması və sosial məsuliyyət istiqamətlərində də layihələr həyata keçirilir.

Qeyd edək ki, Sumqayıt Sənaye Parkı da Azərbaycan sənayesinin inkişafında mühüm istehsal məkanlarından biridir. Parkda müxtəlif sənaye sahələri üzrə layihələr həyata keçirilir və yerli və xarici investorların fəaliyyət göstərməsi üçün sənaye infrastrukturu yaradılıb.

İZİA ilə Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında imzalanmış memorandum çərçivəsində nəzərdə tutulan əməkdaşlığın sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və təcrübə mübadiləsinin inkişafına yönələcəyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti