İtkin düşənlərin tapılması tək bir tapşırıq deyil, bu bir sistemdir - Ketrin Bomberger

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 10:32 (UTC +04:00)
İtkin düşənlərin tapılması tək bir tapşırıq deyil, bu bir sistemdir - Ketrin Bomberger
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

İtkin düşənlərin tapılması tək bir tapşırıq deyil, bu bir sistemdir. Bu, aydın məsuliyyətləri olan təsisatlar, qanunvericilik, təhqiqat və məhkəmə ekspertizası elmi tələb edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq İtkin Düşmüş Şəxslər üzrə Komissiyanın (ICMP) Baş direktoru Ketrin Bomberger çərşənbə günü İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ailələr sadəcə cavab gözləmirlər. Onlar bu prosesdə tərəfdaşdırlar.

“Onlar məlumat, qeydlər və DNT təmin edirlər. Təsisatlar dəyişdikdə və illər keçdikdə belə, onlar axtarışı davam etdirirlər. İnamla demək olar ki, çox vaxt qadınlar,analar, həyat yoldaşları, qızlar və bacılar öz ailələri və icmaları üçün bu məsuliyyətin böyük hissəsini daşıyırlar. Onların səsləri və hüquqları həmin sistemin bir hissəsi olmalıdır.

Biz həmçinin öyrəndik ki, bir ölkədən digərinə sadəcə köçürülə bilən tək bir institusional mexanizm yoxdur. Şərait, qanunlar, təsisatlar fərqlidir və itkin düşmələrin xarakteri və miqyası fərqlidir. Lakin əsas prinsiplər dəyişməzdir”,- deyə o bildirib.

K.Bomberger vurğulayıb ki, itkin düşənlərin hesabının aparılması ailələrə və cəmiyyətə etibarlı və dəqiq məlumatların verilməsi deməkdir.

“Lakin bu, həm də hüquqların bərpası ədalət hüququ, cavabdehlik hüququ, həqiqət və kompensasiya hüququ ilə bağlıdır. Bu, həm də hüququn aliliyinin möhkəmləndirilməsi və müvafiq hallarda məsuliyyətin təmin edilməsinə töhfə verməkdir. Nəhayət, bu, sülhə və təhlükəsizliyə edilən bir investisiyadır.

İtkin düşmə hallar həll olunmamış qaldıqda, onların fəsadları zamanla yox olmur. Kütləvi məzarlıqlar açıq yaralardır. Cavabsız suallar nəsillər boyu ailələrlə və icmalarla qala bilər”,- deyə o qeyd edib.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti