Bakı.Trend:
ABŞ-nin Rusiyadakı səfirliyi amerikalılara vəba xəstəliyinin yayılması ehtimalı ilə əlaqədar Rusiyanı tərk etməyə çağırıb.
Bu barədə ABŞ-nin Rusiyadakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.
Diplomatik nümayəndəlikdən bildirilib ki, İrkutsk vilayətində ağciyər vəbasının mümkün yayılması və bir qızın ölümündən sonra karantin rejiminin tətbiq edilməsi ilə bağlı məlumatları yaxından izləyirlər. ABŞ vətəndaşlarına Rusiyaya səfər etməmələri, ölkə ərazisində olanlara isə dərhal Rusiyanı tərk etmələri tövsiyə olunub. Ehtimal olunan xəstəliyin yayıldığı əraziyə səfər etmiş amerikalılara 14 gün ərzində sağlamlıq vəziyyətlərini izləmələri tövsiyə olunub.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp xəstəliyin yayılmasına qarşı mübarizədə Rusiyaya yardım etməyə hazır olduğunu bildirib.
