Prezident İlham Əliyevin çıxışı Zəfərdən sonrakı yeni mərhələnin vəzifələrini müəyyənləşdirir - Şərh

Siyasət Rəy 6 Oktyabr 2026 11:47 (UTC +04:00)
Prezident İlham Əliyevin çıxışı Zəfərdən sonrakı yeni mərhələnin vəzifələrini müəyyənləşdirir - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətində xalqın sabitlik, güclü dövlətçilik və inkişaf tələbinin ifadəsi kimi yaradılıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirilib, ictimai-siyasi sabitlik təmin olunub, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün mühüm zəmin yaradılıb. O bildirib ki, formalaşdırılan siyasi kurs sonrakı dövrdə də davam etdirilərək Azərbaycanın iqtisadi, hərbi və siyasi potensialının gücləndirilməsinə xidmət edib. Deputatın sözlərinə görə, bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır.

“Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”, - deyə Prezident İlham Əliyevin sözlərini xatırladan S.Novruzov qeyd edib ki, 2020-ci il Vətən müharibəsində qazanılan Zəfərdən sonra qarşıya qoyulan strateji məqsədlərə doğru fəaliyyət davam etdirilib və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyi tam təmin edilib.

Deputat bildirib ki, yeni mərhələdə əsas vəzifələrdən biri əldə edilmiş tarixi nəticələrin qorunması, təhlükəsizlik imkanlarının və hərbi potensialın daha da gücləndirilməsidir. Onun sözlərinə görə, müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi və təhlükəsizlik çağırışlarının artması güclü ordunun və etibarlı müdafiə sisteminin dövlət müstəqilliyinin əsas təminatlarından biri olduğunu göstərir.

S.Novruzov vurğulayıb ki, yeni dövrün çağırışları yalnız hərbi təhlükəsizliklə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı və qlobal informasiya məkanında gedən proseslər ideoloji təhlükəsizliyi də ön plana çıxarır. Bu baxımdan təhsilli və məlumatlı cəmiyyətin formalaşdırılması, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və müasir ideoloji işin qurulması mühüm vəzifələrdəndir.

Deputat Azərbaycanın müstəqil xarici siyasət kursunun yeni reallıqlara uyğun şəkildə davam etdirildiyini də qeyd edib. O bildirib ki, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirak və milli maraqlara əsaslanan siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir.

S.Novruzov iqtisadi müstəqilliyin möhkəmləndirilməsinin də yeni mərhələnin mühüm dayaqlarından olduğunu bildirib. Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, enerji potensialından səmərəli istifadə, sənayenin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artıran əsas istiqamətlərdir.

Deputat Qarabağ və Şərqi Zəngəzurun bərpasını yeni mərhələnin ən böyük quruculuq layihəsi kimi səciyyələndirib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biri olaraq qalır.

S.Novruzov bildirib ki, dövlət siyasətinin mühüm istiqamətlərindən biri də sosial rifahın davamlı şəkildə yüksəldilməsidir. Əməkhaqqı və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi inkişafın nəticələrinin cəmiyyətin rifahında əks olunmasına yönəlib.

Deputatın sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın yeni tarixi mərhələsinin əsas istiqamətləri bir daha diqqətə çatdırılıb. Güclü dövlət və təhlükəsizlik, müstəqil xarici siyasət, iqtisadi dayanıqlılıq, milli-mənəvi dəyərlərin qorunması, sosial rifah və Qarabağda Böyük Qayıdış qarşıdakı dövrün başlıca istiqamətlərini təşkil edir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, deputat Nurlan Həsənov isə Trend-ə açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın son illərdə keçdiyi tarixi dəyişikliklər, formalaşan yeni siyasi reallıqlar və qarşıya çıxan çağırışlar fonunda mühüm mərhələdir. Onun sözlərinə görə, qurultayda vurğulanan fikirlər partiyanın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, ölkənin inkişaf gündəliyində dövlətçilik, milli birlik və təhlükəsizlik məsələlərinin aktuallığını bir daha nümayiş etdirir.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol müasir Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsini təşkil edir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması, iqtisadi dayaqlarının formalaşdırılması və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində ardıcıl addımlar atılıb. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradıb.

N.Həsənovun sözlərinə görə, bu siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilib. Müstəqilliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması, iqtisadi dayanıqlığın təmin edilməsi, hərbi potensialın artırılması və milli maraqların müdafiəsi bu siyasətin əsas istiqamətlərini təşkil edib.

Deputat qeyd edib ki, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, regionların inkişafına xüsusi diqqət yetirilməsi, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi Azərbaycanın imkanlarını artırıb. Eyni zamanda, milli maraqlara əsaslanan müstəqil xarici siyasət ölkənin beynəlxalq əlaqələrinin şaxələndirilməsinə və mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ordu quruculuğunun davam etdirilməsi və müdafiə sənayesinin inkişafı da strateji məqsədlərin mühüm tərkib hissəsinə çevrilib.

Deputat bildirib ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsi Azərbaycan qarşısında tamamilə yeni siyasi və strateji mərhələ açıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi və nüfuzu artır, ölkə iqtisadi və hərbi imkanlarını davamlı şəkildə gücləndirir.

N.Həsənov qeyd edib ki, yeni reallıqlar yeni məsuliyyətlər də yaradır. Dünyada geosiyasi qarşıdurmaların və təhlükəsizlik risklərinin artdığı şəraitdə müdafiə imkanlarının daim təkmilləşdirilməsi, ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması və təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Deputat müasir dövrdə ideoloji və informasiya təhlükəsizliyinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, internet, sosial şəbəkələr, kiber məkan və süni intellekt yeni imkanlarla yanaşı, saxta məlumatların yayılması, ictimai rəyə təsir göstərilməsi və müxtəlif ideoloji təxribatların həyata keçirilməsi üçün də vasitələr formalaşdırır.

“Əldə olunan Zəfərin qorunması onun qazanılması qədər məsuliyyətli vəzifədir”, - deyə N.Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri dövlətin siyasi, iqtisadi, hərbi və institusional gücünü daha da artırmaq, yeni çağırışlara çevik cavab verməkdir.

Deputat vurğulayıb ki, bu prosesdə cəmiyyətin həmrəyliyi, milli birlik və dövlət siyasətinə ictimai dəstək xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tarixi Zəfər ölkənin gələcək inkişafı üçün möhkəm əsas yaradıb və qarşıdakı mərhələnin əsas vəzifəsi bu nailiyyətləri qorumaq, dövlətin gücünü daha da artırmaq, təhlükəsizliyi etibarlı şəkildə təmin etmək və Azərbaycanın qarşısında duran yeni hədəflərə doğru irəliləməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti