Bakı. Trend:
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının yeni çərçivəsinin yaradılmasının vaxtı çatıb.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, qlobal enerji və ticarət arxitekturasının yenidən formalaşdığı, Orta Dəhlizin isə əsas Şərq-Qərb bağlantısı kimi strateji əhəmiyyətinin artdığı bir dövrdə keçirilən konfrans enerji, infrastruktur və investisiya sahələrində Azərbaycan-Almaniya tərəfdaşlığının inkişaf etdirilməsi üçün mühüm platformadır.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin baxışı strateji bağlantılılıq vasitəsilə regional təhlükəsizlik, iqtisadi inkişaf və enerji siyasətini bir araya gətirir, Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkan çərçivəsində daha da yaxınlaşdırır və tarixi İpək Yoluna yeni məna qazandırır", - deyə E.Soltanov bildirib.
Nazir müavininin sözlərinə görə, bu yanaşma Orta Dəhlizin yalnız inkişafına deyil, həm də onun mühüm enerji marşrutuna çevrilməsinə imkan yaradır.
"Bu kontekstdə Azərbaycanı, Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən yaşıl enerji bağlantıları, eləcə də TRIP perspektivi Orta Dəhlizin enerji ölçüsünü formalaşdırır", - deyə o qeyd edib.
E.Soltanov bildirib ki, Prezident İlham Əliyevin bu ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı Azərbaycan-Almaniya tərəfdaşlığı üzrə strateji gündəliyə dair Birgə Bəyannamənin, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair sənədin imzalanması ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəldib.
Onun sözlərinə görə, bu sənədlər enerji, xüsusilə də yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə əlavə təkan verib.
"Azərbaycan uzun illərdir Almaniyaya etibarlı neft tədarükçüsüdür. 2026-cı ildən etibarən təbii qaz da enerji tərəfdaşlığımıza yeni ölçü əlavə edib. Hazırda Almaniyanın Uniper, SEFE və VNG şirkətləri Azərbaycan qazını alır", - deyə nazir müavini bildirib.
E.Soltanov qeyd edib ki, qarşıdakı dövrdə əsas prioritet bərpa olunan enerji, enerji bağlantıları, enerji səmərəliliyi və daha geniş enerji keçidi istiqamətlərində tərəfdaşlığın inkişaf etdirilməsidir.
"Azərbaycanın Xəzər dənizində 157 giqavat həcmində dəniz külək enerjisi potensialı, 2032-ci ilədək nəzərdə tutulan 8 giqavatlıq külək və günəş enerjisi layihələri, Mərkəzi Asiyanın böyük bərpa olunan enerji resursları və strateji elektrik enerjisi bağlantıları Avropanın enerji təhlükəsizliyi və enerji keçidi üçün də əhəmiyyətli imkanlar yaradır", - deyə o vurğulayıb.
Nazir müavini bildirib ki, Azərbaycan bu potensialı bir neçə tamamlayıcı marşrut vasitəsilə Avropa bazarlarına çıxarmağı hədəfləyir. Bunlara Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Dəhlizi, həmçinin Gürcüstan və Naxçıvan vasitəsilə Türkiyə və Avropaya qərb istiqamətli bağlantılar daxildir. Onun sözlərinə görə, TRIP də bu istiqamətdə əlavə potensial yaradır.
E.Soltanovun sözlərinə görə, gücü 4 giqavat olan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi artıq texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələyə keçib.
"Layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, mərhələli istismara verilmənin isə 2032-ci ildən başlanması nəzərdə tutulur", - deyə o bildirib.
Nazir müavini Almaniya şirkətlərini oktyabrın 22-də Bakıda keçiriləcək Yaşıl Enerji Dəhlizi üzrə İnvestisiya və Tərəfdaşlıq Forumunda iştirak etməyə dəvət edib.
"Alman şirkətlərini oktyabrın 22-də Bakıda keçiriləcək Yaşıl Enerji Dəhlizi üzrə İnvestisiya və Tərəfdaşlıq Forumuna qoşulmağa dəvət edirik. Bu, layihənin texniki, maliyyə və kommersiya imkanlarını araşdırmaq, həmçinin onun həyata keçirilməsində investor və strateji tərəfdaş kimi iştirak etmək üçün imkan yaradacaq", - deyə E.Soltanov qeyd edib.
O vurğulayıb ki, Almaniyanın maliyyə imkanları, qabaqcıl texnologiyaları və sənaye təcrübəsi Azərbaycanın enerji potensialı, strateji coğrafi mövqeyi və inkişaf edən regional bağlantı şəbəkələri ilə birləşdirildikdə güclü sinerji yarana bilər.
"Azərbaycanın enerji potensialı, strateji mövqeyi və artan regional bağlantılılıq imkanları ilə Almaniyanın maliyyə imkanlarını, qabaqcıl texnologiyalarını və sənaye təcrübəsini birləşdirməklə daha məhsuldar və uzunmüddətli tərəfdaşlıq yarada bilərik", - deyə nazir müavini bildirib.
E.Soltanov əminliyini ifadə edib ki, konfrans Azərbaycan və Almaniya arasında razılaşdırılmış strateji gündəliyin konkret enerji layihələrinə, investisiyalara və yeni enerji bağlantılarına çevrilməsinə mühüm töhfə verəcək.
"Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq, Almaniya ilə enerji əməkdaşlığı üçün yeni çərçivənin yaradılmasının vaxtının çatdığına inanırıq", - deyə nazir müavini əlavə edib.
