Bakı. Trend:
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə artan müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılması məqsədilə oktyabın 6-da kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Bildirilib ki, müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək".
Qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib və həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşıb müraciətlərini rəsmiləşdirə biləcəklər.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 saylı Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən
faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım
müşahidə olunur. Belə ki, “Elektron ipoteka və kredit zəmanət”
sistemi (elektron sistem) üzərindən hər gün 100-dən artıq müraciət
qeydə alınır. Nəticədə, elektron sistemdə qeydiyyata alınmış və
görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim
üçün mövcud olan (yenilənən kirayə mənzil fondu) yaşayış
sahələrinin sayını dəfələrlə üstələyir", - deyə məlumatda qeyd
edilib.
