Bakı. Trend:
Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22–30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı məhz paytaxt Bakıda təşkil olunacaq.
Bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunur.
Belə ki, oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın oyun məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.
Dünyanın 190-na yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin turnirdə iştirak məqsədilə ölkəmizə səfəri nəzərdə tutulur.
Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində turnirə hazırlıq işləri ilə yaxından tanış olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, infrastruktur layihələri, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.
Canni İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı təşkilati işləri, Azərbaycanın turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.
Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibi seçilməsi təsadüfi deyil.
Bu turnir eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.