Ağdam. Trend:
Ağdamda 300 hektarlıq istixana layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Nazir Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafı ilə bağlı bir sıra layihələrin həyata keçiriləcəyini də bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə bağçılıq, su infrastrukturunun qurulması, müasir suvarma sistemlərinin genişləndirilməsi və özəl sektor tərəfindən təklif olunan layihələrin icrası nəzərdə tutulur.
M.Məmmədov 300 hektarlıq istixana layihəsi barədə də məlumat verib. O bildirib ki, ilk dəfə olaraq ölkədə istixanaların sənaye zonasında vahid məkanda təşkili nəzərdə tutulur.
“Özəl sektor tərəfindən investisiya qoyuluşu, kommunikasiya xətlərinin, elektrik və qaz xətlərinin isə dövlət tərəfindən çəkilməsi nəzərdə tutulub. İlk belə layihə azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda, hazırda qurulan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının qarşısında həyata keçirilir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri həmin ərazidə emal sənayesinin də inkişaf etdirilməsi imkanlarından istifadə etməkdir. Eyni zamanda ərazinin Zəngəzur dəhlizi istiqamətində yerləşməsi gələcəkdə məhsulların ixracının logistikasını asanlaşdıracaq.
Nazir aqrar sahədə süni intellekt və dronlardan istifadə məsələsinə də toxunub. O bildirib ki, dronların kənd təsərrüfatında tətbiqi Azərbaycanda yenidir və hazırda nəzarətli şəkildə həyata keçirilir.
“Fermerlərin və şirkətlərin bu texnologiyaya alışması lazımdır. Düşünürük ki, inkişaf səviyyəsi artdıqca və tətbiqi daha da dəqiqləşdikcə dronlardan istifadə genişlənəcək. Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzi olaraq dron operatorlarının hazırlanması və aqrar sahədə dronlardan istifadə ilə bağlı təlimləri davam etdiririk”, - deyə M.Məmmədov əlavə edib.
Nazir bildirib ki, Aqrar Biznes Festivalları artıq 5 ilə yaxındır keçirilir və bu tədbirlərin sayı son illərdə əhəmiyyətli dərəcədə artırılıb:
“Bu festivallar Azərbaycanın bütün bölgələrində, o cümlədən ucqar rayonlarda keçirilir. Əsas məqsəd fermerlərə texnologiyaları, toxumları, gübrələri və aqrar sahədə tətbiq olunan innovasiyaları daha yaxın etmək, onları bu yeniliklərlə tanış etməkdir. Eyni zamanda aqrar məhsulların və texnologiyaların satışının təşkil olunması da əsas məqsədlərdəndir”.
M.Məmmədov qeyd edib ki, indiyədək keçirilən 99 Aqrar Biznes Festivalı çərçivəsində 16 milyon manatdan çox satış həyata keçirilib, 85 mindən çox fermer tədbirlərdə iştirak edib. Ümumilikdə isə festivallara 500 mindən çox vətəndaş qatılıb.
Nazir bildirib ki, Aqrar Biznes Festivallarının gələcəkdə də özəl sektorla birgə keçirilməsi nəzərdə tutulur.
O, həmçinin aqrar sahəyə kredit dəstəyi ilə bağlı yeni mexanizmlərin tətbiq olunacağını vurğulayıb:
“Dövlət proqramı çərçivəsində Azərbaycan Biznes İnkişaf Fondu tərəfindən veriləcək kreditlərin, eləcə də özəl banklar tərəfindən təqdim ediləcək kreditlərin faiz subsidiyası mexanizmi artıq təsdiqlənib. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) çərçivəsində də birillik bitkilərin becərilməsi üçün verilən mövsümi kreditlərin faizlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub”.
