Bakı. Trend:
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər müəyyənləşdiriləcək.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli miqdarında müəyyən olunacaq.
Pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün yuxarıdakı abzasa uyğun olaraq müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 faizi həcmində əlavə ödəniləcək.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 misli miqdarında ödəniləcək, bu zaman yuxarıdakı abzasa uyğun olaraq əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalacaq.
Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Pulsuz hüquqi yardım göstərmiş şəxslər hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqını və digər xərcləri dövlət büdcəsinin vəsaiti hesabına almaq üçün yuxarıdakı abzasda nəzərdə tutulmuş qaydaya uyğun olaraq Vəkillər Kollegiyasına müraciət edəcəklər.
Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən rübdə 1 dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq hazırlanmış hesabatlar Vəkillər Kollegiyasına təqdim olunacaq.
Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım göstərən şəxslərə (“pro bono” hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) yuxarıdakı abzasda nəzərdə tutulmuş hesabatlar əsasında pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödənişlər ediləcək. Təqdim edilmiş hesabatlar yuxarıdakı abzasla müəyyən edilmiş formaya uyğun olmadıqda, yaxud həmin hesabatlardan pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı bu qanunla müəyyən edilmiş tələblərin pozulduğu müəyyən edildikdə Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödəniş edilməyəcək.
