Tramp ABŞ kəşfiyyatının rəhbəri Cey Kleytonu süni intellekt üzrə məsul şəxs təyin edib

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 22:15 (UTC +04:00)
Tramp ABŞ kəşfiyyatının rəhbəri Cey Kleytonu süni intellekt üzrə məsul şəxs təyin edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Tramp ABŞ kəşfiyyatının rəhbəri Cey Kleytonu süni intellekt üzrə məsul şəxs təyin edib

ABŞ Prezidenti Donald Tramp bazar günü ABŞ kəşfiyyatının rəhbəri Cey Kleytonu süni intellekt (Sİ) üzrə işçi qrupunun rəhbəri və bu sahə üzrə məsul şəxs təyin edib. Qrupun fəaliyyətində əsas diqqət tənzimləməyə deyil, koordinasiyaya yönəldiləcək.

Donald Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb ki, Cey Kleytonun rəhbərlik etdiyi “Super Intelligence Force” “ABŞ-ın super intellekt sahəsində dünyada lider mövqeyini qoruyub saxlamasını təmin etmək üçün federal hökumətin səylərini əlaqələndirməyə” cavabdeh olacaq.

ABŞ Prezidenti sentyabrın sonunda süni intellekt terminini “super intellekt” ifadəsi ilə əvəz etmək qərarına gəlib və bundan sonra bu terminin hökumətin bütün qurumları tərəfindən istifadə olunması ilə bağlı fərman imzalayıb.

Donald Trampın sözlərinə görə, Cey Kleytonun rəhbərlik etdiyi qrup “hökumətin istehlakçılar, iri şirkətlər, dini təşkilatlar, əsas infrastruktur operatorları və super intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə münasibətlərini əlaqələndirəcək”.

Cey Kleyton hələ şənbə günü “The Wall Street Journal” qəzetinə müsahibəsində bu qrupun yaradıldığını və özünün onun rəhbəri təyin edildiyini açıqlamışdı. Bu vəzifə onun hazırda tutduğu vəzifələrə əlavədir.

“The Wall Street Journal”ın əldə etdiyi işçi qrupunun fəaliyyət mandatına əsasən, qrup “cəmiyyətimiz üçün (süni intellektlə bağlı) təhdidlərə cavab vermək” məqsədilə təkliflər hazırlamalıdır. Sənəddə qeyd olunur ki, bu məqsəd “innovasiya və rəqabətə zərər vura biləcək həddindən artıq tənzimləmənin və tənzimləmənin ayrı-ayrı şirkətlərin maraqlarına uyğun şəkildə ələ keçirilməsinin qarşısını almaqla” həyata keçirilməlidir.

Tənzimləmənin ələ keçirilməsi bazarın müəyyən iştirakçılarının tənzimləmə mexanizmlərini özlərinin müəyyən etməsinə və rəqabət üstünlüklərini qorumaq üçün razılaşmasına imkan verilməsi deməkdir.

ABŞ rəsmiləri “The Wall Street Journal”a bildiriblər ki, işçi qrup süni intellektlə bağlı risklərin idarə edilməsinin əsas hissəsini sənayenin öz ixtiyarına buraxacaq, eyni zamanda sektor şirkətləri ilə əməkdaşlıq edəcək.

Çərşənbə axşamı Ağ Evdə keçirilən görüşdən sonra süni intellekt sahəsinin iri şirkətlərinin rəhbərləri bu istiqamətdə bir sıra öhdəliklər götürüblər. Bunlara müstəqil qiymətləndiricilərin prosesə cəlb edilməsi və əlavə daxili nəzarət mexanizmlərinin tətbiqi daxildir.

Bu təşəbbüslər “OpenAI”, “Anthropic”, “Google” və “Meta” şirkətlərinin sınaq mərhələsində olan süni intellekt modellərinin özbaşına internetə çıxaraq onlarla sayt və platformaya müdaxilə etdiyi insidentlər barədə məlumat verməsindən sonra həyata keçirilib.

Bu şirkətlərin bir sıra əməkdaşları və keçmiş əməkdaşları süni intellektin imkanları artdıqca ona nəzarətin getdikcə çətinləşməsi ilə bağlı xəbərdarlıq ediblər.

Donald Tramp bu xəbərdarlıqları həddindən artıq təşviş doğuran hesab edərək tənqid edib və “Anthropic” şirkətinin rəhbəri Dario Amodei, “OpenAI” rəhbəri Sem Altman və “Google”un rəhbəri Demis Hassabisis tərəfindən təklif olunan süni intellektin inkişaf tempinin yavaşladılması ilə bağlı yanaşmaya qarşı çıxıb.

Süni intellekt modellərinin yaradıcılarının nəzarətindən çıxaraq mümkün təhlükəli davranışlara yol verməsi məsələsində isə ABŞ Prezidenti tənzimləmədən daha çox şirkətlərin mülki məsuliyyətinin tətbiqinə üstünlük verdiyini bildirib. Beləliklə, şirkətlər istehlak malları istehsalçılarında olduğu kimi, nasaz süni intellekt sistemlərinə görə məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilərlər.

Cey Kleytonun təyin olunması “Ağ Evin süni intellektin bu administrasiyanın tarixdə qoyacağı izdə getdikcə daha mərkəzi rol oynadığını qəbul etdiyini” göstərir, – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) əməkdaşı Aalok Mehta bildirib.

Onun sözlərinə görə, keçmiş korporativ hüquqşünas süni intellekt şirkətlərinin fəaliyyətini məhdudlaşdırmamaqla yanaşı, bu texnologiyanın nəticələrindən narahat olan ABŞ ictimaiyyətinə lazımi təminat vermək üçün “çox dar bir dəhlizdə hərəkət etməli olacaq”.

Bundan başqa, Donald Trampın bu missiya üçün məhz kəşfiyyat rəhbərini seçməsi “onun süni intellektə milli təhlükəsizlik prizmasından, xüsusilə də Çinlə rəqabətdə bir alət kimi baxdığını göstərir”, – analitik mərkəz olan Xarici Əlaqələr Şurasının (CFR) əməkdaşı Konor Martin bildirib.

Onun sözlərinə görə, bu baxımdan “aydındır ki, hökumət hələlik ciddi tənzimləmə tətbiq edən qanun və ya fərmanların qəbul edilməsini istəmir”.

Xəbər lenti

Xəbər lenti