Mançesterdə yəhudi icmasına qarşı terror aktı hazırlamaqda şübhəli bilinən iki iranlıya ittiham irəli sürülüb

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 00:32 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya polisi bildirib ki, cümə günü İngiltərənin şimal-qərbində yerləşən Mançesterdə yəhudi icmasına qarşı terror aktı hazırlamaqda şübhəli bilinən iki iranlıya ittiham irəli sürülüb.

34 və 36 yaşlı bu iki kişi sentyabrın 20-də Mançesterdə saxlanılıb. Polis açıqlamasında bildirib ki, onlar “ehtimal edilən bu plan çərçivəsində xaricdə yaşayan, İranda ola biləcək üçüncü şəxslə əlaqə saxlamış ola bilərlər”.

İttihamların irəli sürülməsi təxminən bir il əvvəl Mançesterin şimalında yerləşən Heaton Park Hebrew Congregation sinaqoqunda yəhudi icmasına qarşı törədilmiş ölümcül bıçaqlı və silahlı hücumdan sonra baş verib. Həmin vaxt dindarlar yəhudiliyin ən mühüm bayramı olan Yom Kippuru qeyd etmək üçün sinaqoqda toplaşmışdılar. 2025-ci il oktyabrın 2-də baş verən hücum nəticəsində iki nəfər həlak olub.

Terrorizmlə mübarizə üzrə polisin baş milli koordinatoru Viki Evans sentyabrın ortalarında bildirib ki, uzunmüddətli araşdırma Mançester bölgəsindəki yəhudi icmasını hədəf alan bu “terror aktı planının” qarşısını almağa imkan verib.

Bu il Yom Kippur sentyabrın 20-si bazar günü axşamdan sentyabrın 21-i bazar ertəsi axşamadək qeyd olunub. O əlavə edib: “Biz tam şəkildə başa düşürük ki, bu yeni məlumat yəhudi icması, eləcə də ümumilikdə insanlar arasında, xüsusilə Roş-Ha-Şana və Yom Kippurun müqəddəs günlərinin qeyd edildiyi bu dövrdə ciddi narahatlıq yaradacaq.”

Yəhudi icmalarına təhlükəsizlik məsələləri ilə bağlı məsləhətlər verən Community Security Trust xeyriyyə təşkilatı ehtimal edilən planı və onun vaxtını “son dərəcə narahatedici” adlandırıb.

Ötən il ərzində Britaniya paytaxtında yəhudilərə və ya İsraillə əlaqəli obyektlərə qarşı yönəlmiş bir sıra terror hücumları baş verib.

Xəbər lenti

Xəbər lenti