Bakı. Trend:
Dominikan Respublikası Haiti futbol millisinin öz ərazisində oyun keçirməsini qadağan edib. Dominikan Respublikası Hispaniola adasını bölüşdüyü və münasibətlərinin gərgin olduğu Haiti ilə qonşudur. Qərar bir gün əvvəl iki ölkənin yığmaları arasında keçirilən oyundan (1:4) öncə baş verən insidentdən sonra qəbul edilib.
“İdman Nazirliyi Haiti futbol millisinin Dominikan Respublikasının idman obyektlərində oyun keçirməsini tamamilə qadağan edir (...) Dünən Feliks Sançes stadionunun girişlərindən birində gördüklərimiz qəbuledilməzdir”, – deyə nazir Kelvin Kruz bildirib.
Bir gün əvvəl bütün biletlər satıldıqdan sonra haitili azarkeşlər stadionun girişinə zorla daxil olmağa cəhd ediblər.
Yüksək riskli hesab edilən və gücləndirilmiş polis qüvvələrinin nəzarəti altında keçirilən “Hispaniola derbisi” başqa insident olmadan başa çatıb və azarkeşlərin stadiondan dağılışması da problemsiz keçib.
