Bakı. Trend:
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Brüsseldə Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenlə Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasını keçirdik. Enerji təhlükəsizliyi, etibarlı qaz təchizatı, bərpa olunan enerji və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə etdik.
Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığının "yaşıl enerji" və elektrik enerjisi bağlantıları ilə daha da möhkəmləndirilməsinə qarşılıqlı marağımızı ifadə etdik. Avropada artan elektrikləşmə və "yaşıl enerji"yə tələbat fonunda Yaşıl Enerji Dəhlizi layihəsinin Ortaq Maraqlar Layihələri (PMI) siyahısına daxil edilməsinin əhəmiyyətini vurğuladıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, daha əvvəl energetika naziri Pərviz Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsinin, 2040-cı ildə isə tam gücü ilə fəaliyyətə başlamasının hədəfləndiyini bildirib.
“Ümumi ötürmə gücü 4 giqavat olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib. Yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və 2040-cı ildə tam gücü ilə fəaliyyətə başlaması hədəflənir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanı Macarıstanla birləşdirən dəhliz vahid layihə kimi Avropa Elektrik Ötürücü Sistemləri Operatorları Şəbəkəsinin Onillik Şəbəkə İnkişaf Planının layihəsinə daxil edilib.
“Yaxın günlərdə isə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihə statusunun alınması üçün müraciət oluna bilər. Layihənin reallaşdırılması üçün Avropa İttifaqının müvafiq mexanizmləri çərçivəsində qrantların və güzəştli maliyyələşmənin cəlb edilməsi mühüm əhəmiyyət daşıyır”, - P.Şahbazov vurğulayıb.
Nazir qeyd edib ki, layihə enerji sistemləri ilə yanaşı, iqtisadiyyatları və investisiya imkanlarını birləşdirərək regionlararası əməkdaşlığın genişlənməsinə, Avropanın enerji təchizatının şaxələndirilməsinə və təmiz enerji keçidinə töhfə verəcək.
