Bakı. Trend:
Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti birgə ikili diplomlu magistr proqramı yaradacaq.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Oklahoma Dövlət Universitetinin Kənd Təsərrüfatı İqtisadiyyatı Departamentinin Beynəlxalq Kənd Təsərrüfatı üzrə magistr proqramının (MIAP) direktoru K. Aleks Şefer sentyabrın 30-da Bakıda Amerika Ticarət Palatasının (USACC) üzvləri və tərəfdaşları üçün keçirilən tədbirdə bildirib.
“Beynəlxalq kənd təsərrüfatı üzrə magistr proqramımız müasir kənd təsərrüfatının və müasir ərzaq sistemlərinin mahiyyət etibarilə qlobal olduğu anlayışına əsaslanan, peşə yönümlü ali təhsil proqramıdır. Tələbələrimiz kənd təsərrüfatı ilə bağlı fənlərlə yanaşı, iqtisadiyyat, biznes, ticarət siyasəti, kənd yerlərinin və icmalarının inkişafı, eləcə də beynəlxalq inkişaf sahələrini öyrənirlər”, - deyə o bildirib.
Şeferin sözlərinə görə, əsas məsələ tələbələri yalnız auditoriyada bilik əldə etməyə deyil, həm də bu gün sənaye nümayəndələrinin qarşılaşdığı real problemləri həll etməyə necə hazırlamaqdır.
“Məhz buna görə Oklahoma ilə Azərbaycan arasında tərəfdaşlıq böyük məna daşıyır”, - deyə o qeyd edib.
Şefer vurğulayıb ki, iki regionu minlərlə kilometr məsafə ayırmasına baxmayaraq, Oklahoma ştatının aqrar sektorunun nümayəndələri Azərbaycandakı sahə iştirakçılarının qarşılaşdığı bəzi problemlərlə üzləşirlər.
“Kənd təsərrüfatında məhsuldarlığı necə artırmaq olar? Su ehtiyatlarını necə idarə etmək olar? Digər təbii ehtiyatlardan necə səmərəli istifadə etmək olar? Fermerlərin yeni bazarlara çıxışını necə təmin etmək olar? Biz başa düşürük ki, bu suallara yalnız bir ölkənin səyləri ilə cavab vermək mümkün deyil”, - deyə o bildirib.
Onun sözlərinə görə, ikili diplom proqramı çərçivəsində azərbaycanlı tələbələr Oklahoma Dövlət Universitetinə öz regionlarının kənd təsərrüfatının xüsusiyyətləri barədə biliklər gətirə biləcəklər.
“Oklahomada onlar burada və bütövlükdə ABŞ-da hazırlanmış kənd təsərrüfatı sektoru ilə işləmək üzrə qabaqcıl tədqiqatlardan və müasir metodlardan yararlana biləcəklər”, - Şefer əlavə edib.
O, tərəfdaşlığın birbaşa ikili diplom proqramı ilə məhdudlaşmayacağına ümidvar olduğunu bildirib.
“Ümid edirəm ki, özəl sektorun təcrübə proqramları, tətbiqi tədqiqat layihələri və seminarlar vasitəsilə bizim proqramımızla əməkdaşlıq etməsi üçün imkanlar yaranacaq. Bu, tələbələrə Azərbaycanın kənd təsərrüfatının üzləşdiyi real problemləri anlamağa kömək edəcək”, - deyə Şefer bildirib.
“Bu tərəfdaşlığın inkişaf etməsindən çox məmnunam və Azərbaycandan ilk tələbələri Oklahoma Dövlət Universitetində qəbul etmək imkanını səbirsizliklə gözləyirəm”, - Şefer əlavə edib.
