Bakı. Trend:.
Ermənistan İranla dostluq münasibətlərini qorumaq niyyətindədir, lakin ölkənin özünə qarşı sanksiyaların tətbiqinə səbəb ola biləcək addımlar atmağa hazır deyil.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Tehranla bağlı yeni məhdudiyyətlərini şərh edərkən bildirib.
“Biz sanksiyalar paketini araşdırırıq. Biz bütün tərəfdaşlarımızla çox şəffafıq. Xüsusilə dost münasibətlərimiz olan ölkələrlə münasibətlərin belə qalması üçün əlimizdən gələni edəcəyik. Lakin keçə bilməyəcəyimiz bir xətt var – Ermənistanın özünün sanksiyalara məruz qalması riski”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvana qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı real təhlükə yaranarsa, Ermənistan hakimiyyəti müvafiq qərar qəbul etməli olacaq.
Qeyd edək ki, ABŞ-nin İranda aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran hava daşıyıcılarına xidmət göstərən hava limanları və şirkətlər məhdudiyyətlərlə və ABŞ dolları sistemindən çıxarılma riski ilə üzləşə bilər.
