Bakı.Trend:
Mərkəzi Asiya və Qafqazda regional qarşılıqlı fəaliyyət üçün öz institusional mexanizmləri çatışmır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə axşamı Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starr deyib.
Onun sözlərinə görə, son onilliklər ərzində müxtəlif ölkələr və regionlar Mərkəzi Asiya ilə qarşılıqlı fəaliyyət üçün öz formatlarını yaradıblar.
“Əsas məqam ondan ibarətdir ki, bu regionda ölkələri birləşdirən və onların arasında əlaqə yaradan mərkəzəqaçma qüvvələri çatışmır. Onlar bunu edirlər: biznes nümayəndələri bu istiqamətdə xeyli öndədir, bu proses ən yüksək səviyyədə də baş verir, lakin onların münasibətlərinin institusional əsasları çatışmır”, - deyə o bildirib.
Starrın sözlərinə görə, Mərkəzi Asiya və Qafqaz dünyada öz ayrıca təşkilati infrastrukturuna malik olmayan yeganə region olaraq qalır.
O, nümunə kimi Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını (ASEAN) göstərib.
“ASEAN-a baxın – bu, gözəl nümunədir. Bir neçə il əvvəl CAMCA proqramının iştirakçılarından ibarət nümayəndə heyəti Sinqapura səfər etdi və bir həftə ərzində ASEAN çərçivəsində onların necə fəaliyyət göstərdiyini öyrəndi”, - deyə Starr qeyd edib.
O vurğulayıb ki, ASEAN ölkələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər, lakin onun sözlərinə görə, onlar “çox uğurlu, səmərəli və məqsədyönlü şəkildə” qarşılıqlı fəaliyyət göstərirlər.
Starr həmçinin SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya ölkələrinin öz regional strukturlarını yaratmaq cəhdlərini xatırladıb.
Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından qısa müddət sonra Mərkəzi Asiya ölkələrinin beş prezidentinin hamısı BMT-də birgə çıxış edərək regionun nüvə silahından azad zona elan olunması təşəbbüsü ilə çıxış ediblər.
“Onlar bir komanda kimi fəaliyyət göstərdilər və BMT-də səsvermənin keçirilməsinə nail oldular. Beləliklə, bütün Mərkəzi Asiya nüvə silahından azad zona oldu. Bir neçə il əvvəl Mərkəzi Asiya ölkələri BMT-yə müraciət edərək ayrıca dünya regionu olduqlarını və öz strukturlarına ehtiyac duyduqlarını bildirdilər. Onlar Baş Assambleyadan Mərkəzi Asiyanın dünya regionu kimi tanınması ilə bağlı səsvermə keçirməsini xahiş etdilər. Hamı bunun lehinə səs verdi”, - deyə o bildirib.
