Bakı. Trend:
Azərbaycanda maliyyə institutlarının elektron pul köçürmələrinin minimum məbləği 20 min manatdan 50 min manata qaldırılıb və qərarın qüvvəyə minmə vaxtı uzadılıb.
Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə yeni qərar imzalayıb.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.
Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin həddi:
- bir əməliyyat üzrə 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı məbləğ:
- yuxarı sətirdəki bənd nəzərə alınmaqla fiziki şəxslərə (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər istisna olmaqla) münasibətdə bir təqvim ayı üzrə ümumilikdə 50 min manat və ya ona ekvivalent xarici valyuta məbləğindən artıq məbləğdə müştəri tərəfindən həmin təqvim ayı ərzində aparılan hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatının məbləği müəyyən ediləcək.
Yeni qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, daha əvvəlki qərarda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən edilmişdi və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcəkdi. Bu qərarın oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.
