Bakı.Trend:
Azərbaycanda Xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi (XÖHKS) vasitəsilə aparılan əməliyyatların həcmi avqust ayında təxminən 8 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə əsasən, cari ilin avqust ayında Azərbaycanda XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 4,278 milyard manat, sayı isə 8,459 milyon ədəd təşkil edib.
Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin avqust ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 307 milyon manat və ya 7,7 faiz artıb, sayı isə 937 min ədəd və ya 10 faiz azalıb.
Bankın məlumatına görə, ötən ilin avqust ayında Azərbaycanda XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 3,971 milyard manat, sayı isə 9,396 milyon ədəd təşkil edib.
AMB-nin məlumatına görə, XÖHKS Azərbaycan Milli Ödəniş Sisteminin AZIPS banklararası ödəniş sistemi ilə yanaşı, əsas komponentlərindən biridir. XÖHKS kiçik həcmli, təkrarlanan və ani olmayan ödənişlərin emalı üçün nəzərdə tutulub. Sistemdə hesablaşmalar çoxtərəfli klirinqin nəticələrinə əsasən xalisləşdirmə prinsipi ilə həyata keçirilir.
XÖHKS vasitəsilə hesablaşmalar milli valyutada, yəni Azərbaycan manatında kredit köçürmələri və birbaşa debetləşdirmə yolu ilə aparılır. Sistemdə bir ödəniş əməliyyatı üzrə limit 40 min manat müəyyən edilib.
Ödəniş sənədləri əməliyyat günü ərzində sistem tərəfindən qəbul edilir və daha sonra üç klirinq sessiyasında emal olunur. Sessiyaların nəticələri müəyyən edilmiş vaxt intervallarında sistem iştirakçılarına göndərilir. XÖHKS və AZIPS-in operatoru Azərbaycan Mərkəzi Bankıdır.
