Bakı. Trend:
Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı "KASIRGA" ilk dəfə "ADEX" sərgisində nümayiş etdirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, sözügedən pilotsuz uçuş aparatı “Bayraktar Teknoloji Azərbaycan” MMC (BTA) tərəfindən hazırlanıb.
2022-ci ildə təsis edilmiş BTA şirkətinin ilk platforması olan "KASIRGA" dolanan sursatının azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanması xüsusi önəm daşıyır.
Şaquli qalxma-enmə qabiliyyətinə malik olan "KASIRGA" heç bir uçuş-enmə zolağına ehtiyac olmadan müxtəlif relyef şəraitində və ya təkərli nəqliyyat vasitələri üzərindən avtonom şəkildə qalxma və enmə həyata keçirə bilir.
Platforma havada asılı qalma və üfüqi uçuş mərhələlərində 4 elektrik mühərrikindən istifadə edir və həm kamikadze (dolanan sursat), həm də kəşfiyyat-müşahidə əməliyyatlarında fəaliyyət göstərə bilir.
Kəşfiyyat əməliyyatları zamanı bazaya qayıtma funksiyasına malik olan platformanın maksimal qalxma kütləsi 33, faydalı yük qaldırma qabiliyyəti isə 6 kiloqram təşkil edir.
5 kiloqramlıq döyüş başlığı və süni intellekt dəstəkli elektro-optik (EO) kamera sistemi ilə təchiz olunan “KASIRGA” yüksək dəqiqliklə nişanalma imkanına malikdir. 80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma "Bayraktar TB2", "Bayraktar TB3" və ya "AKINCI" PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.
Anti-jamming (siqnal maneələrinə qarşı dayanıqlılıq), vizual mövqeləndirmə və sensor məlumatlarının sintezi əsasında işləyən avtonom uçuş sistemləri ilə təchiz olunan “KASIRGA” kamikadze tapşırıqlarında 60, kəşfiyyat fəaliyyətlərində isə 90 kilometr radiusunda əməliyyatları icraetmə qabiliyyətinə malikdir.
Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
