Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Çjon yaydığı bəyanatda iki Koreyanı ayıran demilitarizasiya olunmuş zonada üç əsgərin yaralanmasına səbəb olan mina partlayışlarına görə Seulun ittihamlarının “alçaq və çirkin” olduğunu bildirib.
Bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.
Sentyabrın 21-də iki ölkəni ayıran demilitarizasiya olunmuş zonada mina partlayışı nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb. Onlardan biri ayağını itirib.
Ərazi rəsmi olaraq demilitarizasiya olunmuş hesab edilsə də, onun şimal və cənub hissələri dünyada ən çox minalanmış ərazilər sırasındadır və mina partlayışları daha əvvəl də iki Koreya arasında gərginliyə səbəb olub.
Hesablamalara görə, 1953-cü ildən Koreya yarımadasını təxminən 250 kilometr məsafədə ayıran və eni 4 kilometr olan bu bufer zonada 800 mindən çox mina yerləşdirilib. Sülh müqaviləsi olmadığı üçün Seul və Pxenyan texniki baxımdan hələ də müharibə vəziyyətindədirlər.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, aparılan araşdırmadan sonra sentyabrın 21-də baş verən partlayışlara “böyük ehtimalla” Şimali Koreyanın yerləşdirdiyi minaların səbəb olduğu müəyyən edilib.
“Bu, atəşkəs sazişinin açıq şəkildə pozulmasıdır və Şimali Koreya buna görə məsuliyyət daşıdığı üçün biz müvafiq tədbirlər görəcəyik”, – deyə Cənubi Koreyanın müdafiə naziri Kan Şin Çul parlament dinləmələri zamanı bildirib.
