Bakı.Trend:
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Absheron Full Field Development – FFD) layihəsi üzrə yekun investisiya qərarı (FID) qəbul edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov "LinkedIn" hesabında paylaşım edib.
Onun sözlərinə görə, layihəyə təxminən 4,2 milyard ABŞ dolları həcmində investisiya yatırılması nəzərdə tutulur.
Layihə çərçivəsində dənizdə dörd hasilat quyusunun qazılması, uzunluğu təxminən 142 kilometr olan sualtı çoxfazalı boru kəmərinin çəkilməsi və Səngəçal yaxınlığında yeni emal infrastrukturunun yaradılması planlaşdırılır.
"İlk qaz hasilatının 2029-cu ildə əldə olunması hədəflənir. Tammiqyaslı işlənmə mərhələsində yatağın hasilatının pik səviyyədə ildə təxminən 4,5 milyard kubmetr qaza çatacağı gözlənilir", - deyə B.Hüseynov bildirib.
SOCAR vitse-prezidenti Azərbaycan hökumətinə layihəyə göstərdiyi davamlı dəstəyə görə təşəkkür edib.
"Yekun investisiya qərarının II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində elan edilməsi xüsusi simvolik məna daşıyır və Azərbaycanın iri enerji layihələrinə uzunmüddətli beynəlxalq kapitalın cəlb olunması üçün yaratdığı investisiya mühitini əks etdirir", - deyə o qeyd edib.
B.Hüseynov SOCAR-ın layihənin bu mərhələyə çatdırılmasında oynadığı rolu, xüsusilə SOCAR Upstream Management International (SUMI) və SOCAR-ın digər komandalarının fəaliyyətini vurğulayıb.
"Yekun investisiya qərarından əvvəlki dövrdə komandalarımız zəruri olan məqamlarda maneələrin aradan qaldırılması, ilkin yanaşmaların yenidən nəzərdən keçirilməsi və layihənin irəliləməsinin təmin edilməsi istiqamətində fəal iştirak ediblər", - deyə SOCAR vitse-prezidenti bildirib.
Onun sözlərinə görə, SOCAR-ın Kommersiya və Hüquq komandalarının mürəkkəb kommersiya və müqavilə paketinin tamamlanmasında gördüyü işlər FID-in qəbul edilməsində mühüm rol oynayıb.
"SOCAR bu layihəyə yalnız səhmdar kimi yanaşmayıb. Müxtəlif mərhələlərdə komandalarımız cədvəlin qorunması və yekun investisiya qərarının qəbul edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə fəal liderlik nümayiş etdirib, bəzi sahələrdə faktiki olaraq operator funksiyasına bənzər vəzifələri yerinə yetirib", - deyə B.Hüseynov vurğulayıb.
O bildirib ki, layihənin əsas nəticələrindən biri SOCAR-ın ciddi dəstəklədiyi dördüncü Şərq quyusunun layihəyə daxil edilməsi olub.
"Yatağın bütün istismar müddəti nəzərə alınmaqla, işlənmə nəticəsində qazın bərpa əmsalının 60 faizdən yuxarı olacağı gözlənilir. Bu göstərici qabaqcıl beynəlxalq qaz layihələrindəki səviyyə ilə müqayisə edilə bilər", - deyə SOCAR vitse-prezidenti qeyd edib.
B.Hüseynov layihənin operatoru olan "TotalEnergies" və tərəfdaş XRG-yə də əməkdaşlıq və dəstəyə görə təşəkkür edib.
"İndi bizim məqsədimiz aydındır: ilk qaz 2029-cu ildə hasil edilməlidir", - deyə o bildirib.
SOCAR vitse-prezidenti qeyd edib ki, şirkət "TotalEnergies"in layihəni təhlükəsiz şəkildə, müəyyən edilmiş qrafikə uyğun və razılaşdırılmış xərc çərçivəsində həyata keçirməsini gözləyir.
"SOCAR layihənin icrasını yaxından izləməyə davam edəcək və uğurlu nəticənin təmin olunması üçün zəruri hallarda dəstək göstərəcək", - deyə B.Hüseynov əlavə edib.
O, layihənin tərəfdaşlıq baxımından da əhəmiyyətini vurğulayıb.
"Şəxsən mənim üçün bu layihə həm də güclü tərəfdaşlığın fikir ayrılıqlarının olmadığı münasibət deyil, tərəfdaşların bir-birinə meydan oxuduğu, çətin məsələləri birlikdə həll etdiyi və nəticədə daha yaxşı layihə ortaya qoyduğu əməkdaşlıq olduğunu xatırladır", - deyə SOCAR vitse-prezidenti bildirib.
