Bakı. Trend:
İranın Hörmüz boğazına yanaşması region ölkələrinin təhlükəsizliyi, sabitliyi və mənafeyinin qorunmasına dair strateji və məsuliyyətli yanaşmadır.
İran Prezidentinin informasiya portalının məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün (30 sentyabr) Ümumdünya Dənizçilik Günü ilə əlaqədar müraciətində bildirib.
“Önəmli dəniz keçidlərindən biri olan Hörmüz boğazı region və dünyanın iqtiadiyyatı və təhlükəsizliyində xüsusi mövqeyə sahibdir. İran inanır ki, Fars körfəzi və onun keçidlərinn dayanıqlı təhlükəsizliyi daha çox region ölkələrinin əməkdaşlığından asılıdır”, -deyə o bildirib.
Pezeşkian əlavə edib ki, İran şimal və cənubda uzun sahillərə sahib olmaqla və regionun önəmli marşrutlarında yerləşməklə dünyada dəniz və dənizçilik iqtisadiyyatı və ticarətinin mərkəzlərindəndir. Regionun önəmli marşrutlarında təhlükəsizlik və inkişaf bir-birindən ayrılmayacaq iki məsələdir. Dəniz, limanlar və kommunikasiya xətlərinin təhlükəsizliyi, ticarət və iqtisadi fəaliyyətlərə şərait yaradır.
İran Prezidenti deyib ki, iqtisadiyyat və təhlükəsizliyin kənarında dənizə elm və ətraf mühitin qorunması üçün önəmli sahə kimi yanaşmaq lazımdır.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
