Bakı. Trend:
Bu il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 32,4622 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici aylıq müqayisədə 452,1 milyon manat və ya 1,41 faiz artıb. Ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə bankların xalis xarici aktivləri 5,458 milyard manat və ya 20,2 faiz yüksəlib.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 22,5157 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 600,3 milyon manat və ya 2,7 faiz, illik müqayisədə isə 1,753 milyard manat və ya 8,4 faiz artıb.
Beləliklə, sentyabrın 1-nə bankların xalis xarici aktivləri xalis daxili aktivlərini 9,9465 milyard manat və ya 1,4 dəfə üstələyib.
AMB-nin məlumatına əsasən, bu dövrdə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 54,978 milyard manat olub. Geniş pul kütləsi aylıq müqayisədə 1,0525 milyard manat və ya 2 faiz artıb. Ötən ilin eyni tarixi ilə müqayisədə isə M3 7,2111 milyard manat və ya 15,1 faiz yüksəlib.
Geniş pul kütləsinin manatda olan hissəsi sentyabrın 1-nə 44,4166 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 574,8 milyon manat və ya 1,3 faiz artıb. İllik müqayisədə isə artım 5,6104 milyard manat və ya 14,5 faiz olub.
Cədvələ görə, manatın dövretmə sürəti 2,96 təşkil edib. Bu göstərici iyul ayının sonundakı 3,00-dan aşağı düşüb, ötən ilin sentyabrın 1-də isə 3,41 səviyyəsində olub.
Hesabat tarixinə Azərbaycanda cəmi aktivləri 62,476 milyard manat, cəmi öhdəlikləri 54,723 milyard manat, balans kapitalı isə 7,753 milyard manat olan 21 bank fəaliyyət göstərib.
