Bakı.Trend:
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb.
Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dublin Sports Grounds" idman kompleksinin avtomobil dayanacağında baş verib. Polis 40 yaşlı top-meneceri bir neçə güllə yarası ilə aşkarlayıb. "Los Angeles Times" qəzetinin məlumatına görə, kişi hadisə yerində ölüb.
Qətldə şübhəli bilinən şəxslər Makkinseyin həyat yoldaşının valideynləri – 77 yaşlı Şouyun Çjan və Şili Çen saxlanılıb.
SFGATE məhkəmə sənədlərinə istinadən yazır ki, Makkinsey və həyat yoldaşı təxminən bir il ərzində bir neçə məhkəmə çəkişməsində iştirak ediblər. Ötən ilin oktyabrında qadın məhkəmədən Makkinseyə ona yaxınlaşmağı qadağan edən qərar çıxarılmasını tələb edib. Dekabrda isə eyni tələblə kişi məhkəməyə müraciət edib. Həmin vaxt o, boşanma üçün də ərizə verib. Bundan sonra ər-arvad birgə övladlarının qəyyumluğu ilə bağlı mübahisəni davam etdiriblər.
"Patch" yazır ki, 2025-ci ilin oktyabrında Makkinseyə uşağa təhlükə yaratma və ona xəsarət yetirmə ilə bağlı iki ittiham irəli sürülüb. Kişi təqsirini etiraf etməyib və valideynlər üçün nəzərdə tutulan 12 məşğələdə iştirak etmək şərti ilə sərbəst buraxılıb.
Makkinsey 2023-cü ilin yanvarında "The New York Times"da işləməyə başlayıb. İki il sonra isə qəzetin "Games Player Experience" bölməsinə rəhbərlik edib.
