Bakı.Trend:
Argentina Böyük Britaniyadan iki həftə ərzində Folklend adaları (qeyd:Argentinada Malvin adaları adlandırılır) yaxınlığında neft hasilatının qarşısının alınması üçün tədbirlər görməyi tələb edir. Əks halda Argentina Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına (DHTBT) müraciət etmək niyyətindədir.
Bu barədə Argentina Prezidenti Xavyer Mileyin administrasiyasının yaydığı bəyanatda qeyd olunub.
Söhbət adalardan təxminən 220 kilometr məsafədə yerləşən “Sea Lion” neft layihəsindən gedir. Layihə İsrailin “Navitas Petroleum” şirkəti tərəfindən Böyük Britaniyanın “Rockhopper Exploration” şirkəti ilə birgə həyata keçirilir. Yatağın 1,7 milyard barelə qədər neft ehtiva edə biləcəyi bildirilir ki, bu da Böyük Britaniyanın Şimal dənizindəki neft ehtiyatlarından çoxdur.
Argentina baş verənləri “qanunsuz istismar” adlandırıb. Hakimiyyət orqanları daha əvvəl “Navitas” şirkətinin fəaliyyətini qanunsuz və “gizli” hesab etdiklərini açıqlayıblar.
Prezident Xavyer Miley bildirib ki, tələblər yerinə yetirilməsə, Argentina yatağın işlənməsinə təcili məhkəmə qadağası qoyulması üçün müraciət edəcək.
