Azərbaycan diaspor təşkilatları Anım Günü ilə bağlı bəyanatlar yayıblar (FOTO)

Cəmiyyət Press-reliz 28 Sentyabr 2026 12:24 (UTC +04:00)
Azərbaycan diaspor təşkilatları Anım Günü ilə bağlı bəyanatlar yayıblar (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanatlar yayıblar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Estoniyada fəaliyyət göstərən Azərbaycan Evi, “Birlik” icması, “FC Qarabağ Tallinn” komandası, Latviyadakı Azəri Gənclər Təşkilatı, Almaniya Azərbaycanlıları Alyansı, Maqdeburqda fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsi, Avstriya Azərbaycanlıları Cəmiyyəti, Avropa Azərbaycan Mərkəzi və İsveç-Azərbaycan Birliyi (SAF) adından yayılan bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi uğrunda canlarından keçən hərbçilərin və mülki şəxslərin xatirəsi dərin ehtiramla yad edilib, bu yolda sağlamlığını itirən müharibə iştirakçılarına cansağlığı arzulanıb.

Bəyanatlarda 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərin cəsarəti, fədakarlığı və Vətənə sədaqəti sonsuz minnətdarlıq hissi ilə xatırlanıb. Bildirilib ki, şəhidlərimizin qanı bahasına yazılan tarixi Zəfər ədaləti bərpa etməklə yanaşı, gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsidir. Şanlı Zəfərlə nəticələnən Vətən müharibəsinin dünya azərbaycanlıları üçün milli ləyaqət və qürur nümunəsinə çevrildiyi vurğulanıb.

Bəyanatlarda, həmçinin insan tələfatına və dağıntılara səbəb olan müharibə cinayətlərinin dünyanın heç bir yerində bir daha təkrarlanmaması qeyd edilib, bütün xalqlara davamlı sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və mərhəmət üzərində qurulan gələcək arzulanıb.

Diaspor təşkilatlarının bəyanatları ilə yanaşı, Anım Günü ilə bağlı müxtəlif tədbirlər də keçirilib. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu tarixi günə həsr olunan guşə yaradılıb.

Guşədə torpaqlarımızın işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və üçrəngli dövlət bayrağımızın azad edilən ərazilərimizdə yenidən ucaldılmasını göstərən fotolar nümayiş etdirilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq şamlar yandırılıb.

Qeyd edək ki, bu təşəbbüslər Azərbaycanın haqq mübarizəsi və Zəfər tarixinin yaşadılması, şəhidlərimizin xatirəsinin daim uca tutulması, eləcə də bu tarixi həqiqətlərin Avropada yaşayan soydaşlar və yerli ictimaiyyət arasında daha geniş təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti