Azərbaycan xalqı birlik nümayiş etdirərək torpaqların azad edilməsinə nail olub - Taleh Camalov

Cəmiyyət Xəbər 27 Sentyabr 2026 13:30 (UTC +04:00)
Azərbaycan xalqı birlik nümayiş etdirərək torpaqların azad edilməsinə nail olub - Taleh Camalov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı birlik nümayiş etdirərək torpaqların işğaldan azad edilməsinə nail olub.

Bunu Vətən müharibəsi qəhrəmanı, 27 yaşlı tankçı, ehtiyatda olan tank komandiri Taleh Musa oğlu Camalov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edərkən Trend-ə açıqlamasında deyib.

“İkinci Qarabağ müharibəsinin qalibiyəm, ağır döyüşlərdə iki ayağımı itirmiş ehtiyatda olan tank komandiriyəm. Vətən sağ olsun! Dəmir yumruq olduq. Torpaqlarımızı işğaldan azad etmək, namusumuzu, qeyrətimizi qaytarmaq üçün çox şükür ki, məqsədimizə nail olduq”, – deyə o qeyd edib.

T.Camalov qələbənin qorunmasının vacibliyini bildirib.

“Hər zaman qələbəmizi qoruyub saxlamalıyıq. Düzdür, biz bu gün yaşayırıq. Bir gözümüz ağlayır, bir gözümüz sevinməlidir ki, biz qalib xalqıq. Düşmən baxıb sevinməməlidir. Əksinə, baxıb deməlidir ki, mən Azərbaycan əsgərini vurdum, yıxılmadı, yenə dimdik ayaq üstədir”, – deyə qazi vurğulayıb.

O, müharibə zamanı aldığı ağır xəsarətlərdən və keçirdiyi müalicələrdən də danışıb.

“Mən 27 əməliyyat keçirmişəm, 50-dən çox narkoz almışam, ayaqlarımı itirmişəm. Buna baxmayaraq, yenə də deyirəm: Vətən sağ olsun! Mən bir sıra dövlət nümayəndələri ilə görüşmüşəm. Hamısı mənə hörmətlə yanaşıb. Allah hər birini var eləsin!” – deyə T.Camalov bildirib.

Qazi şəhidlərin xatirəsinin daim yad edilməsinin, qazilərə və veteranlara diqqət göstərilməsinin vacibliyini qeyd edib.

“Allah bütün şəhid qardaşlarımızın ruhunu şad eləsin. Qazilərimizə, veteran qardaşlarımıza kömək olsun. Orduda xidmət edən bütün qardaşlarımızı Allah qorusun. Allah bir daha müharibə yaşatmasın”, – deyə o əlavə edib.

T.Camalov Azərbaycan xalqının Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm rol oynadığını da bildirib.

“Bu Qələbə şəhidlərimizin, qazilərimizin və bütün xalqımızın gücü sayəsində əldə olunub. Xalqımızın da burada həqiqətən böyük gücü var idi. Bu gün azad və firavan Anım Günümüzdür. Bunun üçün buraya yığışmışıq”, – deyə qazi qeyd edib.

Qeyd edək ki, Taleh Musa oğlu Camalovun gələn ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti