Azərbaycan və “Brookfield Asset Management” şirkəti arasında enerji keçidi müzakirə olunub

İqtisadiyyat Press-reliz 26 Sentyabr 2026 16:29 (UTC +04:00)
Azərbaycan və “Brookfield Asset Management” şirkəti arasında enerji keçidi müzakirə olunub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və “Brookfield Asset Management” şirkəti arasında enerji keçidi və enerji saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər istiqamətlərdə investisiya imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konor Teski ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Brookfield Asset Management” arasında mövcud əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycanda investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, beynəlxalq investorlarla əməkdaşlığın genişləndirilməsi və iri həcmli investisiya layihələrinin təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, “Brookfield Asset Management” qlobal alternativ aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biridir. Şirkətin idarə etdiyi aktivlərin həcmi 1 trilyon dollardan çoxdur.

Şirkət enerji, infrastruktur, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və daşınmaz əmlak daxil olmaqla müxtəlif sahələrə investisiya yatırır.

“Brookfield”in infrastruktur platformasına 308 mindən çox telekommunikasiya aktivi, 77 min kilometr fiber-optik şəbəkə, 150 data mərkəzi, 36 300 kilometr dəmir yolu şəbəkəsi və 3 200 kilometr ödənişli yol daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti