Bakı. Trend:
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Trend xəbər verir ki, saat 12:00-da ölkə ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayanıb. Avtomobillər səs siqnalları, gəmilər və yerüstü qatarlar isə fit səsləri ilə şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Xatırladaq ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən bu gün Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərin və bütün şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir.
