Bakı.Trend:
Hazırda hər kəsin əsas məqsədi enerji təhlükəsizliyini təmin etməkdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə "Saipem"in Azərbaycan, Qazaxıstan, Rumıniya və Türkiyə üzrə regional meneceri Ernesto Ferlenqi cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar”adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, eyni zamanda, hər kəs Xəzər dənizindəki neft-qaz ehtiyatlarının vacibliyini qəbul edir:
“Əsas məsələ bu resursları son istehlakçıya çatdırmaqdır. Xammalı bazara çıxarmaq üçün isə böyük həcmdə investisiya tələb olunur. Mənim bəhs etdiyim yeni reallıq yəni enerjinin dəyişkənliyi şəraiti bütün sistemə əlavə təzyiqlər yaradır. Bu o deməkdir ki, sığorta və təchizat zəncirinin xərcləri artır, avadanlıq və qurğuların istehsalı bahalaşır və gələcəyi proqnozlaşdırmaq çox çətinləşir.
Xəzər dənizindəki konkret vəziyyətə baxaq. Hamı yeni boru kəmərləri çəkmək istəyir. Bəs bu layihələrə investisiya qoymağa hazır olan tərəflər haradadır? Əsas problem texnoloji çətinliklər, innovasiya ehtiyacı və uzunmüddətli sənaye yanaşmasıdır. Neft-qaz investorları yaxşı bilirlər ki, bu gün yatırılan kapitalla gəlir yalnız 10, 15 və ya 20 ildən sonra əldə olunur. Biz nəzərə almalıyıq ki, infrastrukturun birləşdirilməsi neft və qazın dəyərini artırıb bazara çatdırmaq deməkdir. Bunun üçün boru kəmərləri, istehsalat, mühəndislik həlləri və investorlar lazımdır”.
O qeyd edib ki, yeni reallıq boru kəmərlərinin ötürmə qabiliyyətini artırmağı və buradan Avropaya etibarlı enerji dəhlizləri yaratmağı tələb edir.
“Avropa daxili qaz tələbatının 70%-dən çoxunu idxal etdiyi üçün bu resurslara ciddi ehtiyacı var. Bu kontekstdə yerli payın rolu böyükdür. Əgər sizə lazım olan məhsul, avadanlıq və xidmətləri yerli bazardan təmin edə bilirsinizsə, bu sizə xərclər baxımından böyük üstünlük verir. Xəzərdəki mövcud xərclərlə rəqabət aparmaq çox çətindir.
Xəzərdəki əməliyyatların böyük hissəsi xüsusi gəmilərdən asılıdır. Gəmini və ya peşəkar heyəti regiona gətirmək son dərəcə mürəkkəb prosesdir. Hazırda neft-qaz sektorunda istifadə olunan gəmilərin 55%-i Çində hazırlanır. Onlar daha ucuz, daha sürətli və rəqabətqabiliyyətlidir, lakin indi ümumi paradiqma dəyişir.
Düşünürəm ki, Xəzər regionu ilə Avropa arasında uzunmüddətli strateji baxış formalaşmalıdır. Bir tərəfdən regiona yatırılan investisiyalar, yeni kəşfiyyat və hasilat işləri, digər tərəfdən isə investorun öz qazancını son bazardan götürə biləcəyinə zəmanət verilməsi əsas şərtdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
