Bakı. Trend:
ABŞ-də məhkəmə qərarından sonra CNN, MS NOW və Politico jurnalistləri yenidən Ağ Evə buraxılıblar. Buna həmin üç media qurumunun Ağ Evə girişinin bərpa edilməsini tələb edən məhkəmə qərarı əsas olub. Donald Trampın bu media qurumlarına Ağ Evə giriş qadağası qoymasından altı gün sonra onların girişinə yenidən icazə verilib.
Bu barədə sözügedən üç media qurumu məlumat yayıb.
Bundan əvvəl akkreditasiya vəsiqələrinin qaytarılmasını tələb edən məhkəmə qərarına baxmayaraq, səhər saatlarında onların hələ də Ağ Evə girişinə icazə verilməmişdi.
ABŞ Prezidenti Donald Trampın sentyabrın 18-də verdiyi qərarına qarşı həmin media qurumlarının müraciəti əsasında işə baxan federal hakim jurnalistlərin hüquqlarına riayət olunmadığını, sözügedən sanksiyanın onlara əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq olunduğunu bildirmişdi.
Hakim Timoti Kelli hökumətdən tələb edib ki, başqa göstəriş verilənədək və ya iki həftə müddətinə qüvvədə olan məhkəmə qərarının müddəti başa çatana qədər jurnalistlərin “akkreditasiya vəsiqələri” dərhal geri qaytarılsın.
Üç media qurumunun vəkili Teodor Butrus məhkəmə qərarını alqışlayaraq bunu “mətbuat azadlığını, lazımi hüquqi prosedur hüququnu və qanunun aliliyini bir daha təsdiqləyən mühüm qərar” adlandırıb.
Donald Tramp sentyabrın 18-də CNN, MS NOW və Politico-nun Ağ Evə girişini “dərhal qüvvəyə minməklə” qadağan etdiyini açıqlayıb. O, bu media qurumlarını “yalan məlumatlar” yaymaqda ittiham edib. Lakin həmin media qurumları məhkəməyə müraciət edərək ABŞ Konstitusiyasının mətbuat azadlığını təmin edən “Birinci Düzəlişinin birbaşa pozulmasına” etiraz ediblər.
