II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 12 sənəd imzalanıb (FOTO)

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 12:34 (UTC +04:00)
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 12 sənəd imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan və xarici tərəfdaşlar arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 sənəd imzalanıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, sənədlər tikinti və inkişaf, bərpa olunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, baytarlıq, əczaçılıq, investisiya, su ehtiyatlarının idarə edilməsi, idman, investisiyaların təşviqi və rəqəmsal texnologiyalar daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.

İmzalanan sənədlərdən biri tikinti və inkişaf sahəsində əməkdaşlığı nəzərdə tutur. Sənəd Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və “ROX Group” Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini tərəfindən imzalanıb.

Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənəd isə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “ROX Group” Səhmdar Cəmiyyətinin icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən imzalanıb.

Forum çərçivəsində yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisium istehsalına dair sənəd də imzalanıb. Sənədi Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inovest AFEZCO” şirkətinin təsisçisi Vitali Yevdokimenko imzalayıb.

Bundan başqa, ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri üzrə əməkdaşlığa dair sənəd Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Stuçlik tərəfindən imzalanıb.

Forumda Ağdam Quşçuluq Layihəsinə dair də sənəd imzalanıb. Sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “AgroDairy” MMC-nin baş direktoru Niyazi Əmirbəyov, “AGROFERT, a.s.” şirkətinin İdarə Heyəti sədrinin müavini Petr Çinqr və İdarə Heyətinin üzvü Libor Nemeçek imzalayıblar.

Baytarlıq vaksinlərinin istehsalı layihəsi üzrə sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” şirkətinin direktoru Abdullah Tutak tərəfindən imzalanıb.

Əczaçılıq istehsalı müəssisəsinin yaradılmasına dair sənədi isə Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “Saneca Pharmaceuticals, a.s.” şirkətinin maliyyə direktoru Ondrej Draqun imzalayıb.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “AzərTürk Bank” ASC-də nəzarət hüququ verməyən payın əldə edilməsinə dair sənəd də forum çərçivəsində imzalanıb. Sənədə Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktorunun səlahiyyətlərini icra edən Dəyanət Sadullayev və Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri Saif Əl-Mahruqi imza atıblar.

Bununla yanaşı, “Esyasoft”, SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Esyasoft” şirkətinin nümayəndəsi Bipin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi imzalayıb.

SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlığa dair sənəd də imzalanan sənədlər sırasındadır. Sənədi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf və İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo imzalayıblar.

Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair sənəd isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və UkraineInvest-in icraçı direktoru Maryna Xlystun tərəfindən imzalanıb.

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azər Bayramov və “Microsoft”un Rumıniya, Moldova və MDB ölkələri üzrə baş direktoru Qabriela Popesku imzalayıblar.

Qeyd edək ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Bakıda keçirilir. Forum çərçivəsində qlobal iqtisadiyyat, investisiya imkanları, enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur, insan kapitalı və digər istiqamətlər üzrə müzakirələr aparılır.

Xəbər lenti

Xəbər lenti