Bakı.Trend:
Azərbaycan bu regionda ən yüksək investisiya reytinqinə malikdir. Bu, Azərbaycana regional əhəmiyyətli layihələri maliyyələşdirmək imkanı və gücü verir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankı vitse-prezidenti Ziya Əliyev cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhliz böyük və strateji investisiya mühitidir:
"İlkin qiymətləndirmələrə görə, bu sektordakı ümumi investisiya çatışmazlığı təxminən 30-35 milyard ABŞ dolları təşkil edir. Əlbəttə ki, bu regionun hökumətləri və ya maliyyə bazarlarının institutları bu investisiya boşluğunu təkbaşına bağlamaq gücündə deyil. Buna görə də beynəlxalq maliyyə institutlarının, çoxtərəfli inkişaf banklarının rolu vacibdir və onların bu prosesə cəlb olunması çox zəruridir.
Onların resursları əsas investisiya resursu kimi qiymətləndirilir. Azərbaycan çox güclü maliyyə dayanıqlığına malikdir. Böyük həcmdə beynəlxalq valyuta ehtiyatları və yüksək investisiya reytinqi Azərbaycana bu gücü verir. Lazım gəldikdə, Azərbaycan suveren zəmanət təqdim edir ki, bu da layihələri beynəlxalq maliyyə institutları üçün cəlbedici edir. Hökumət zəruri hallarda suveren zəmanət verərək çox böyük investisiya layihələrini banklar üçün cəlbedici edir və beynəlxalq maliyyə institutları da bu prosessə qoşulur".
Z.Əliyev əlavə edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan üzrə portfelində hazırda ümumi dəyəri 500 milyon dollar olan 15 layihə var.
“Biz dövlət qurumları və dövlət müəssisələri ilə intensiv əlaqədəyik, əməkdaşlıq edirik və bu layihələrdə potensial iştirakımızı araşdırırıq. Biz artıq energetika, nəqliyyat, istehsalat və dağ-mədən sənayesi sahələrində bir çox layihələri təsdiqləmişik. Düşünürəm ki, gələcəkdə Azərbaycanda daha böyük iqtisadi təsir yaratmağa, iqtisadi artımın, inkişafın və tərəqqinin bir hissəsi olmağa nail olacağıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
