Bakı. Trend:
Özbəkistan 2030-cu ilədək informasiya texnologiyaları (İT) ixracının həcmini 5 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, Özbəkistanın 2030-cu ilədək inkişaf strategiyasının əsas məqsədi insanların həyat səviyyəsinin yüksəldilməsi və insan kapitalına investisiyaların artırılmasıdır.
“Bizim də Azərbaycan kimi 2030-cu ilədək strategiyamız var. Bu strategiyanın əsas şüarı insan ləyaqətinin hər şeydən üstün olmasıdır. Prezident və hökumət üçün əsas prioritet insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”, - deyə L.Kudratov bildirib.
Onun sözlərinə görə, 38 milyon əhalisi olan Özbəkistanda əhali
sürətlə artır və hər il ölkədə təxminən 1 milyon uşaq dünyaya
gəlir.
“Əsas məqsədimiz insanlara investisiya yatırmaqdır. Bunun üçün
sosial sektor, infrastruktur və istehsal sənayesi də daxil olmaqla
bir sıra strateji sahələri müəyyən etmişik”, - nazir qeyd edib.
L.Kudratov bildirib ki, Özbəkistan qarşısında duran əsas vəzifələrdən biri ölkədə dayanıqlı kapital bazarının formalaşdırılmasıdır.
“Bu ilin may ayında Franklin Templeton tərəfindən idarə olunan Milli İnvestisiya Fondunu yaratmışıq. Fondun səhmlərinin London və Daşkənd fond birjalarında ilkin kütləvi təklifini (IPO) həyata keçirdik. Xarici investorların abunə tələbi təklif olunan həcmdən dörd dəfə çox olub və fond üçün 3 milyard dollardan artıq sifariş almışıq”, - deyə o bildirib.
Nazir qeyd edib ki, fondun səhmlərinin qiyməti hazırda ilkin yerləşdirmə qiymətindən 35 faiz yüksək səviyyədədir.
“Bu, xarici investorların Özbəkistana və ölkənin aktivlərinə böyük maraq göstərdiyini nümayiş etdirir”, - L.Kudratov vurğulayıb.
O əlavə edib ki, Özbəkistan kapital bazarının inkişafına daha
sistemli yanaşma tətbiq edir.
Nazirin sözlərinə görə, ölkədə Daşkənd Beynəlxalq Maliyyə
Mərkəzinin yaradılması ilə bağlı qanun qəbul edilib. Mərkəzin
Özbəkistan daxilində ayrıca yurisdiksiya kimi fəaliyyət göstərməsi
və ümumi hüquq prinsiplərinə əsaslanması nəzərdə tutulur.
“Burada müstəqil beynəlxalq kommersiya məhkəməsi olacaq. Məqsədimiz ondan ibarətdir ki, investorlar Özbəkistana gəldikdə yerli qanunvericiliyi öyrənməyə və ona uyğunlaşmağa ehtiyac duymasınlar. İnvestisiyalar və biznes fəaliyyəti ingilis hüququna, yəni ümumi hüquq prinsiplərinə əsaslanacaq”, - deyə L.Kudratov bildirib.
O hesab edir ki, bu yanaşma ölkədə dayanıqlı kapital bazarının
formalaşmasına və daha çox investisiyanın cəlb edilməsinə imkan
verəcək.
Nazir Özbəkistanın digər prioritet istiqamətinin insan kapitalının
inkişafı, xüsusilə süni intellekt və rəqəmsal iqtisadiyyat olduğunu
bildirib.
“Hazırda süni intellektə və rəqəmsal iqtisadiyyata diqqət yetiririk. Gənclərə dəstək olmaq və onların potensialını inkişaf etdirmək üçün ölkə üzrə İT parklar şəbəkəsi yaratmışıq”, - deyə o qeyd edib.
L.Kudratov bildirib ki, Özbəkistan ötən il tarixində ilk dəfə olaraq 1 milyard dollarlıq İT ixracına nail olub.
“Ötən il İT ixracımız 1 milyard dollara çatıb və 46 faiz artım göstərib. Qarşıda bu sahənin inkişafı üçün daha çox imkan görürük. Buna görə də 2030-cu ilədək İT ixracını 5 milyard dollara çatdırmaq məqsədi qoymuşuq”, - nazir vurğulayıb.
O qeyd edib ki, Özbəkistan süni intellekt infrastrukturu üçün də əlverişli şərait yaradır.
“Data mərkəzləri üçün kilovat-saatı 5 ABŞ senti olan yaşıl elektrik enerjisi və fasiləsiz "yaşıl enerji" təchizatı təklif edirik. Səudiyyə Ərəbistanı və Çindən olan ilk investorların Özbəkistanda hiperskale data mərkəzlərinin tikintisinə başladığını görməkdən məmnunuq”, - deyə L.Kudratov bildirib.
Nazir vurğulayıb ki, Özbəkistan qarşısına konkret inkişaf məqsədləri qoyub və bu istiqamətdə ardıcıl addımlar atır.
“Biz strategiyanı müəyyən etmişik, inkişaf üçün aydın vəzifələr qoymuşuq və gələcəkdə cəlbedici və dayanıqlı Özbəkistanın formalaşdırılması istiqamətində irəliləyirik”, - deyə o əlavə edib.
