Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində iş aparılır - nazir

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 18:32 (UTC +04:00)
Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində iş aparılır - nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində fəal işlər aparılır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan “Kritik mineral xammal və qlobal iqtisadi təhlükəsizlik”adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, kritik mineralların etibarlı təchizatı bu gün iqtisadi təhlükəsizliyin mühüm şərtinə çevrilib. Enerji keçidi, elektromobillik, süni intellekt və rəqəmsal infrastruktur yeni materiallara tələbatı artırır.

“Günəş və külək enerjisi qurğularının, batareyaların, elektrik şəbəkələrinin və müasir sənaye avadanlıqlarının inkişafı mineral xammalın mövcudluğu ilə birbaşa bağlıdır. Buna görə də bugünkü müzakirəmiz həm sənayenin gələcəyinə, həm də ölkələr arasında etibarlı tərəfdaşlığın qurulmasına xidmət edir.

Qlobal gündəmdə geosiyasi gərginliklər, ixrac məhdudiyyətləri və təchizatın azsaylı mənbələrdə cəmləşməsi xüsusi narahatlıq doğurur. Beynəlxalq Enerji Agentliyinin (IEA) 2026-cı il üzrə qiymətləndirməsi göstərir ki, emal imkanlarının azsaylı ölkələrdə cəmləşməsi və qiymət dəyişkənliyi təchizat təhlükəsizliyinizəiflədir. Bu şəraitdə yeni yataqlarla yanaşı, emal güclərinə, texnologiyaya və alternativ nəqliyyat marşrutlarına investisiyalar da mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın yanaşması uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslanır”, - deyə nazir qeyd edib.

R.İsmayılov vurğulayıb ki, bu günə kimi həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.

“Xüsusilə Azərbaycanın Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilmiş metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi üçün mühüm əsas yaradır. Filizçay, Xarxar, Göydağ və Dəmirli kimi yataqların müxtəlif öyrənilmə və işlənmə mərhələlərində olması hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşma tələb edir.

Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır.

Forumdan əsas gözləntilərimiz də məhz dağ-mədən sənayesində müasir yanaşmaların tətbiqi, etibarlı və uzunmüddətli tərəfdaşlıqların qurulması, eləcə də işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bu sahəyə investisiyaların artırılmasıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti