Orta Dəhliz üzrə tranzit müddətini 10-12 günə endirmək hədəflənir

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 16:09 (UTC +04:00)
Orta Dəhliz üzrə tranzit müddətini 10-12 günə endirmək hədəflənir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhliz üzrə tranzit müddətini 10-12 günə endirmək hədəflənir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “Kazakhstan Temir Zholy" Yerlan Koyşibayev cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, Orta Dəhlizin inkişafı sadəcə alternativ nəqliyyat marşrutunun yaradılmasından ibarət deyil:

"Bu, Çini, Mərkəzi Asiyanı, Xəzər regionunu və Avropanı birləşdirən etibarlı, rəqabətədavamlı, davamlı və inteqrasiya olunmuş logistika sisteminin qurulması deməkdir".

Onun sözlərinə görə, bu çərçivədə Qazaxıstan və Azərbaycan arasındakı tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

“Orta Dəhlizin gələcək potensialını müəyyən edəcək əsas sahələri vurğulamaq istərdim. Birincisi, marşruta olan artıq formalaşmış və artmaqda olan tələbatdır. 2025-ci ildə Orta Dəhliz boyu konteyner tranziti 40.000 TEU-ya çataraq 2024-cü illə müqayisədə 15% artım göstərib. Əgər son üç ili nəzərə alsaq, Çindən Orta Dəhliz boyu konteyner tranziti 38 dəfə artıb.

İkincisi, bu gün bizim vəzifəmiz dəhlizi sadəcə daha sürətli etmək deyil, hər şeydən əvvəl onu daha proqnozlaşdırıla bilən, səmərəli və davamlı etməkdir”, - deyə o bildirib.

Y.Koyşibayev əlavə edib ki, Çin Dəmir Yolları ilə birlikdə çatdırılma müddətini azaltmağa kömək edən blok-qatar xidmətlərini də inkişaf etdirilir.

“Bu gün Çindən Avropaya Orta Dəhliz vasitəsilə konteynerin daşınması 13-17 gün çəkir, dəniz yolu ilə isə bu müddət 30-45 gündür. Məqsədimiz 10-12 günlük sabit tranzit müddətini təmin etməkdir. Məhz buna görə də biz sabit tariflər, vahid rəqəmsal platforma və bütün marşrut boyu əməliyyatların sinxronlaşdırılması üzərində işləyirik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti