Özbəkistan Azərbaycanın iştirakı ilə Orta Dəhliz üzrə yükdaşımaları artırır - Kudratov

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 11:47 (UTC +04:00)
Özbəkistan Azərbaycanın iştirakı ilə Orta Dəhliz üzrə yükdaşımaları artırır - Kudratov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal münaqişələr və geosiyasi dəyişikliklər Özbəkistanın Avropa və Körfəz ölkələri ilə nəqliyyat-logistika əlaqələrinə təsir göstərib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu cümə günü Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Nazir bildirib ki, dənizə çıxışı olmayan və eyni zamanda ikiqat quru ilə əhatələnmiş ölkə kimi Özbəkistan nəqliyyat-logistika baxımından bir sıra çağırışlarla üzləşir.

“Qlobal münaqişələr və geosiyasi dəyişikliklər nəticəsində əvvəllər Özbəkistandan Avropaya və ya Körfəz ölkələrinə malların çatdırılması təxminən 10 gün çəkirdisə, hazırda bu müddət iki dəfə artaraq ən azı 20 günə çatıb”, - deyə L.Kudratov qeyd edib.

Onun sözlərinə görə, bu çağırışların aradan qaldırılması istiqamətində Azərbaycanla Orta Dəhliz üzrə fəal əməkdaşlıq aparılır.

“Son 2-3 il ərzində Azərbaycan vasitəsilə həyata keçirilən yükdaşımaların həcmi iki dəfə artıb. Cari ildə isə bu göstəricidə təxminən 30 faiz artım qeydə alınıb”, - nazir bildirib.

L.Kudratov qeyd edib ki, Özbəkistan Azərbaycanla birlikdə Xəzər dənizində bərə infrastrukturunun genişləndirilməsi, Zəngəzur dəhlizi, Naxçıvan və dəmir yolu bağlantıları vasitəsilə yeni nəqliyyat imkanlarının yaradılmasına investisiya qoyur.

Nazirin sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət və investisiya əlaqələri də sürətlə inkişaf edir.

“Hazırda Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 milyard dollara çatıb. Qarşımıza qoyduğumuz məqsəd 2030-cu ilə qədər bu göstəricini 20 milyard dollara çatdırmaqdır”, - deyə o vurğulayıb.

O bildirib ki, əməkdaşlıq yalnız ticarətin genişləndirilməsi ilə məhdudlaşmır, qarşılıqlı sənaye tərəfdaşlığının inkişaf etdirilməsi də əsas prioritetlərdəndir.

“Özbəkistan Azərbaycanda tekstil və avtomobil sənayesinə, Azərbaycan isə Özbəkistanda dağ-mədən, daşınmaz əmlak və energetika sahələrinə investisiya yatırır”, - L.Kudratov deyib.

Nazir qeyd edib ki, əsas məqsədlərdən biri Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə səyləri ilə regionu xarici investorlar üçün vahid və cəlbedici biznes məkanına çevirməkdir.

L.Kudratov enerji təhlükəsizliyi və yaşıl enerjinin inkişafı məsələlərinə də toxunub.

“Özbəkistan bərpa olunan enerji sektoruna böyük həcmdə kapital cəlb edib. Hazırda generasiya güclərində yaşıl enerjinin payı 30 faizə çatıb. 2030-cu ilə qədər isə bu göstəricinin 54 faizə çatdırılması planlaşdırılır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, sözügedən göstəriciyə günəş, külək və hidroenerji ilə yanaşı, qaz enerjisinin də daxil olduğu enerji sistemi çərçivəsində nail olunması nəzərdə tutulur.

“Regionun ucuz günəş və külək enerjisi istehsal etmək imkanlarından istifadə etməklə Azərbaycanla birlikdə yaşıl elektrik enerjisinin Avropaya nəqlini nəzərdə tutan birgə layihələr üzərində işləyirik. Buraya sualtı və regional elektrik xətlərinin yaradılması da daxildir”, - nazir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti