Bakı.Trend:
Ötən gecə Polşanın Mazoviya bölgəsində Mərkəzi və Şərqi Avropanı, o cümlədən Ukraynanı internet rabitəsi ilə təmin edən "Starlink" peyk rabitəsinin yerüstü baza stansiyasının ərazisində yanğın baş verib.
Bu barədə "RMF24" məlumat yayıb.
“Çərşənbə günü gecə saatlarında telekommunikasiya infrastrukturunun elementlərinin yerləşdiyi ərazinin sahibi təcili yardım xidmətinə zəng edərək antenalarda yanğın baş verdiyini bildirib. Elektrik generatoru da zədələnib. Hadisə yerinə yanğınsöndürənlər gəlib və alovu söndürə biliblər. Xidmətlərin ilkin qənaətinə görə, paylayıcı lövhənin qəsdən yandırılması ehtimalı var. Nəzərə alınmalı ikinci variant isə elektrik şəbəkəsində qısaqapanmanın baş verməsidir”, - deyə məlumatda bildirilir.
Hadisə yerinə polis çağırılıb. İnsident barədə Daxili Təhlükəsizlik Agentliyinə və Polisin Mərkəzi İstintaq Bürosuna məlumat verilib.
Polisin kriminalistləri yanğın yerində izlərin qeydə alınmasını davam etdirirlər. Kənd ərazisində həmçinin profilaktik xidmət əməkdaşları patrul həyata keçirirlər.
Polşanın Rəqəmsallaşma naziri Kşiştof Qavkovskinin fikrincə, yanğının stansiyanın fəaliyyətini pozmağa yönəlmiş qəsdən törədilmiş cəhd olduğuna dair çoxsaylı əlamətlər var.
“Bu stansiyanın operatoru “Ekstatel” şirkətidir. Bu, internet təhlükəsizliyini təmin edən və Ukrayna da daxil olmaqla şəbəkəyə çıxışı təmin edən dövlət telekommunikasiya operatorudur”, - deyə Qavkovski bildirib.
O izah edib ki, bu cür stansiyaların mümkün sıradan çıxması internetə çıxışın təmin edilməsində, bununla əlaqədar isə, xüsusilə bankomatların fəaliyyətində fasilələrə səbəb ola bilər.
