Bakı. Trend:
Kanada hökuməti son bir il ərzində ABŞ tərəfindən ölkəyə mümkün hərbi müdaxilə ehtimalı ilə bağlı hazırlıq tədbirləri görüb.
Bunu Kanadanın Baş naziri Mark Karni “The New York Times” qəzetinə müsahibəsində bildirib.
Karni qeyd edib ki, Kanada hakimiyyəti belə bir ssenarinin reallaşma ehtimalını olduqca aşağı qiymətləndirib. Bununla belə, onun sözlərinə görə, dövlət rəhbərləri başvermə ehtimalı çox az olan fövqəladə riskləri belə nəzərdən keçirməlidirlər.
“Düşünürəm ki, bu vəzifələri tutan şəxslər hətta baş vermə ehtimalı son dərəcə aşağı olan fövqəladə riskləri də qiymətləndirməlidirlər”, — deyə Karni bildirib.
Baş nazir vurğulayıb ki, söhbət ABŞ-ın Kanadaya müdaxiləsinin əsas ssenari kimi qəbul edilməsindən getmir. “Bu, sadəcə risklərin izlənilməsidir. Bu, əsas ssenari deyil, lakin buna hazırlaşmamaq məsuliyyətsizlik olardı”, — deyə o əlavə edib.
Karni ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyəti ilə bağlı açıqlamalarını da şərh edib. Eyni zamanda, Kanada ABŞ-ın “Starlink” peyk rabitə sistemindən asılılığını azaltmağı planlaşdırır.
“Starlink məsələsində, şübhəsiz ki, diversifikasiya həyata keçirəcəyik”, — deyə Kanada Baş naziri bildirib.
Onun sözlərinə görə, Ottava bu istiqamətdə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
“The New York Times”ın məlumatına görə, Kanada hökuməti ABŞ istehsalı olan 88 ədəd F-35 qırıcısının alınması planlarına da yenidən baxır. Ottava alternativ olaraq Avropa istehsalçılarından hərbi təyyarələrin alınması imkanını nəzərdən keçirir.
Karni qlobal maliyyə sisteminin böyük ölçüdə ABŞ dollarından asılılığını da qeyri-sabit vəziyyət kimi qiymətləndirib. Bununla belə, Kanada Baş naziri Donald Trampla münasibətlərini müsbət dəyərləndirib.
“Mənim fikrimcə, münasibətlərimiz yaxşıdır. Biz bir-birimizə
zəng edib müxtəlif məsələləri müzakirə edə bilirik”, — deyə Karni
bildirib.