Bakı. Trend:
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri – BCC F1 Weekend Run qaçışı keçirilib. Təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib.
Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
Qaçış saat 22:00-da başlayıb. İştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.
BCC F1 Weekend Run sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Bu dəfə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.
Qaçış Qran-Pri həftəsinin tədbirlərindən birinə çevrilərək iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək. Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
