Elektrik enerjisi 2035-ci ilə qədər qlobal enerji istehlakının üçdə birini təmin edə bilər - BEA

İqtisadiyyat Xəbər 23 Sentyabr 2026 18:31 (UTC +04:00)
Elektrik enerjisi 2035-ci ilə qədər qlobal enerji istehlakının üçdə birini təmin edə bilər - BEA
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Elektrik enerjisi 2035-ci ilədək hazırda 23 faiz təşkil edən dünya üzrə son enerji istehlakının 33 faizini iqtisadi baxımdan səmərəli şəkildə təmin edə bilər.

Bu barədə Türkiyə və Avstraliyanın müraciəti əsasında COP31 çərçivəsində müzakirələr üçün hazırlanmış Beynəlxalq Enerji Agentliyinin (IEA) təhlilində deyilir.

Hesabatda qlobal miqyasda elektrikləşmənin sürətləndirilməsi imkanları nəzərdən keçirilir, həmçinin bunun enerji təhlükəsizliyi və iqlim məqsədləri baxımından nəticələri qiymətləndirilir.

Sənədə əsasən, hazırda mövcud texnologiyalardan istifadə və enerji daşıyıcılarının qiymətlərinin hazırkı təklif şokundan əvvəlki səviyyələrə uyğun olması şərtilə, elektrik enerjisi 2035-ci ilədək dünya üzrə son enerji istehlakının 33 faizini iqtisadi baxımdan səmərəli şəkildə təmin edə bilər. Hazırda bu göstərici 23 faizdir. Bu isə müzakirə olunan qlobal 35 faizlik elektrikləşmə hədəfinə yaxınlaşmağa imkan verəcək.

Qeyd olunur ki, Hörmüz boğazındakı böhran fonunda enerji daşıyıcılarının hazırkı qiymətləri şəraitində dünya üzrə enerji istehlakının daha böyük hissəsinin elektrik enerjisinə keçirilməsi iqtisadi baxımdan məqsədəuyğun ola bilər.

IEA bildirir ki, son illərdə dünyada elektrik enerjisi istehlakı iqtisadi istehsaldan daha sürətlə və ümumi enerji tələbatından təxminən iki dəfə yüksək templə artıb. Agentliyin məlumatına görə, artımın əsas amilləri kondisionerlərdən, məlumat emalı mərkəzlərindən, qabaqcıl istehsal sahələrindən və elektrik avtomobillərindən istifadənin genişlənməsidir.

Agentliyin məlumatına görə, sürətləndirilmiş elektrikləşmə ssenarisində yanacaq idxal edən ölkələrin enerji daşıyıcılarının idxalına çəkdiyi xərclər 2035-ci ilədək 2025-ci illə müqayisədə 400 milyard dollardan çox azala bilər.

Vurğulanır ki, 2035-ci ildə dünyada neft istehlakı əvvəlki tendensiyaların davam edəcəyi təqdirdə qeydə alınacaq səviyyə ilə müqayisədə sutkada 18 milyon barel aşağı ola bilər. IEA bu təsiri ilk növbədə elektrik avtomobillərinin daha sürətlə yayılması ilə əlaqələndirir.

"Elektrikləşmə nəqliyyat, binalar və sənaye sahələrində karbon qazı emissiyalarının azaldılmasına da kömək edə bilər. Enerji ilə əlaqəli CO2 emissiyalarının yarıdan çoxu bu üç sektorun payına düşür.

Sürətləndirilmiş elektrikləşmə ssenarisində bu üç sektorda CO2 emissiyaları 2035-ci ilədək 40 faiz azala bilər. Hesabata əsasən, bu, elektrik enerjisinin istehsal strukturundan asılı olmayaraq, enerji ilə əlaqəli ümumi CO2 emissiyalarının azalma mərhələsinə keçməsi üçün kifayət edəcək.

Bununla yanaşı, ölkə daxilində aşağı karbonlu elektrik enerjisi mənbələrinin sürətlə genişləndirilməsi enerji təhlükəsizliyi və emissiyaların azaldılması baxımından elektrikləşmənin üstünlüklərini daha da artıra bilər", - deyə agentlik qeyd edir.

IEA bildirir ki, bütün regionlarda elektrikləşmə səviyyəsinin iqtisadi baxımdan səmərəli şəkildə artırılması üçün əhəmiyyətli potensial mövcuddur, baxmayaraq ki, imkanlar və prioritetlər ölkədən ölkəyə fərqlənir.

"İnkişaf etməkdə olan və formalaşmaqda olan iqtisadiyyatlara malik ölkələrdə bu potensial, xüsusilə kənd təsərrüfatında su nasoslarının elektrik enerjisinə keçirilməsi, əhalinin sıx məskunlaşdığı şəhərlərdə elektriklə işləyən iki və üç təkərli nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi, həmçinin qida və tekstil istehsalı kimi sahələrdə kiçik müəssisələrin elektrik enerjisindən istifadə imkanlarının artırılması ilə bağlıdır.

Bununla yanaşı, elektrikləşmə potensialının reallaşdırılması elektrik enerjisi istehsalına və elektrik şəbəkələrinə əlavə investisiyaların yatırılmasını, habelə daha ağıllı və çevik enerji sistemlərinin tətbiqini tələb edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti