TRIPP ticarətin inkişafı üçün Qazaxıstana əlavə imkanlar yaradacaq

İqtisadiyyat Xəbər 24 Sentyabr 2026 10:13 (UTC +04:00)
TRIPP ticarətin inkişafı üçün Qazaxıstana əlavə imkanlar yaradacaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Qazaxıstan üçün ticarətin inkişafına dair əlavə imkanlar açır.

Bunu Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunan VII illik Xəzər Biznes Forumu zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) strateji əhəmiyyət verir və TRIPP Mərkəzi Asiyanın Avropa bazarları ilə əlaqələndirilməsi üçün əlavə imkanlar yarada bilər.

O qeyd edib ki, Qazaxıstan üçün bu, sadəcə nəqliyyat marşrutu deyil, gələcəyə investisiya, eləcə də Cənubi Qafqaz, Türkiyə və Avropa ilə nəqliyyat əlaqələrinin inkişafı üçün platformadır.

"Qazaxıstan TRIPP-i Orta Dəhlizin məntiqi davamı kimi nəzərdən keçirir. Bizim üçün TRIPP Avropa bazarlarına çıxışı 1 000 kilometr qısaldır... və Cənubi Qafqazda nəqliyyat əlaqələrindəki boşluqların aradan qaldırılmasına kömək etməklə ticarət üçün əlavə imkanlar yaradır", – deyə o bildirib.

Kazıxan əlavə edib ki, inkişafın növbəti mərhələsində üç prioritetə – bütün marşrut boyunca infrastrukturun əlaqələndirilməsinə, sərhədlərarası daşımaların təkmilləşdirilməsinə və uzunmüddətli investisiyaların səfərbər edilməsinə diqqət yetirilməlidir.

O, həmçinin infrastruktur layihələrinin vahid regional şəbəkənin tərkib hissəsi kimi fəaliyyət göstərməsi üçün ölkələr arasında daha sıx koordinasiyanın vacibliyini vurğulayıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti