Uşağınız tez-tez xəstələnir? Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

Cəmiyyət Xəbər 23 Sentyabr 2026 15:21 (UTC +04:00)
Uşağınız tez-tez xəstələnir? Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.

Onun sözlərinə görə, sinklə zəngin qidalar olaraq balıq, noxud, qarabaşaq, mərcimək, qoz və fındıq tövsiyə olunur.

“Vitamin C ilə zəngin portağal, kivi, pomidor, bibər və digər meyvə-tərəvəzlərin uşaqların qida rasionunda üstünlük təşkil etməsi tövsiyə olunur. Bağırsaq mikroflorasını dəstəkləmək üçün kefir, qatıq və digər fermentləşdirilmiş süd məhsullarından istifadə etmək faydalıdır. Omeqa-3 yağ turşuları ilə zəngin balıq növlərinə somon, skumbriya və siyənək aiddir. Bu məhsullar uşağın sağlam inkişafı üçün faydalı qida mənbələridir. Bundan əlavə, uşağın gün ərzində kifayət qədər su, meyvə-tərəvəz və digər faydalı qidaların balanslı şəkildə rasiona daxil edilməsi vacibdir”.

G. Salehova bildirib ki, immuniteti dəstəkləməyin ən əsas yolu balanslaşdırılmış və sağlam qidalanmadır.

“Meyvə, tərəvəz, zülal və sağlam yağlar da daxil olmaqla vitamin və minerallarla zəngin qidalar, təmiz havada fiziki aktivlik immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bundan əlavə, müntəzəm yuxu uşaqların orqanizminə istirahət verir və immun sistemini dəstəkləyir. Stresin idarə edilməsi, sevgi dolu mühit və təmiz yaşayış sahəsi də immun sisteminin sağlam fəaliyyətinə kömək edir”.

Pediatr qeyd edib ki, xəstə uşağın məktəbə və ya bağçaya qayıtması isə xəstəliyin növündən və uşağın ümumi vəziyyətindən asılıdır.

“Uşağın hərarəti varsa, ümumi vəziyyəti yaxşı deyilsə, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək, qusma və ya ishal kimi əlamətləri davam edirsə, onu məktəbə və ya bağçaya göndərmək düzgün deyil. Uşaq ən azı 24 saat ərzində hərarətsiz olduqda, hərarətsalıcı dərman qəbul etmədən özünü yaxşı hiss etdikdə və gündəlik fəaliyyətlərdə iştirak edə bildikdə kollektivə qayıda bilər. Bəzi infeksion xəstəliklər zamanı isə məktəbə və ya bağçaya qayıtmaq üçün daha uzun müddət tələb oluna bilər. Bu halda həkimin tövsiyəsi nəzərə alınmalıdır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti