Bakı. Trend:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabah başlayacaq “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
Müraciətdə bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığı bildirilir. Nəqliyyat sıxlığının qarşısını almaq üçün cənub istiqamətindən şəhər mərkəzinə gələn sürücülərə “Azneft” və “Neftçilər” dairələrinə alternativ olaraq Bakı–Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsinə, oradan üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisi istiqamətində hərəkət etmək tövsiyə olunur.
20-ci sahə və Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbədaxili yollarla Qurban Abbasov küçəsinə çıxaraq Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri vasitəsilə mərkəzə getmək tövsiyə edilir.
İdarə yarış müddətində sürücülərdən fərdi avtomobillərdən mümkün qədər az istifadə etməyi və şəhərin mərkəzinə ictimai nəqliyyatla getməyi xahiş edib.
