Bakı.Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Uilson Türkiyənin “F-35” qırıcılarının istehsalı proqramına qaytarılmasının və Ankaraya qarşı CAATSA çərçivəsində tətbiq edilən sanksiyaların ləğvinin tərəfdarı olduğunu bildirib.
O, bu barədə “Anadolu” agentliyinə müsahibəsində deyib.
Türkiyəyə artıq alınmış “F-35” qırıcılarının verilməsini və ölkənin istehsal proqramına qaytarılmasını dəstəkləyib-dəstəkləmədiyi sualını cavablandıran Uilson müsbət cavab verib.
“Bəli, bunu dəstəkləyirəm və mövcud məsələlərin həll olunacağına ümid edirəm. Nəhayət, gəlin başlanğıc nöqtəsinə qayıdaq: Türkiyə Amerikanın böyük müttəfiqidir, Amerika da Türkiyənin müttəfiqidir və biz qarşılıqlı fayda əldə etmək istəyirik”, – konqresmen bildirib.
Uilson Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Rusiyanın “S-400” sistemləri və “F-35” proqramı ətrafında fikir ayrılıqlarının həlli istiqamətində göstərdiyi səylərə ümidlə yanaşdığını deyib.
Qeyd edək ki, Uilson Konqresin ABŞ-Türkiyə münasibətləri üzrə qrupunun həmsədridir.
